Böyük Britaniya əlavə NLAW kompleksləri alır

Böyük Britaniya əlavə NLAW kompleksləri alır

Böyük Britaniya NLAW tank əleyhinə raket komplekslərinin yeni partiyasını sifariş edib.

Bu barədə “Poliqon” İsveç Silahlı Qüvvələrinin Maddi Təminat Agentliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müvafiq müqavilə Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə İsveç Silahlı Qüvvələrinin Maddi Təminat Agentliyi arasında imzalanıb.

Müqavilə İsveçin istehsalçı “Saab” şirkəti ilə mövcud razılaşmasını NLAW tank əleyhinə raket komplekslərinin istehsalı üçün istifadə etməyə icazə verir.

İsveçdə “Robot 57” adlanan kompleks müasir döyüş maşınları ilə mübarizə üçün istifadə olunur və Britaniyanın Ukraynaya hərbi yardımlarından biridir. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Britaniya Ukraynaya 2000 ədəd, müharibənin gedişatında isə əlavə 3615 ədəd NLAW kompleksi tədarük edib.

İmzalanmış müqavilə Böyük Britaniyaya NLAW kompleksinin alınmasını sürətləndirmək, həmçinin zirehdəlici mərmilər almaq imkanı verir.

İsveç üçün isə müqavilə NLAW kompleksinin gələcək inkişafının birgə maliyyələşdirilməsi imkanlarını təmin edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS