DənizXəbərlər

Böyük Britaniya nüvə sualtı qayıqlarının inşasına təxminən 6 milyard funt sterlinq ayırdı

Böyük Britaniya hökuməti ölkənin “Dreadnought” sinifli nüvə sualtı qayıqlarının xidmətə qəbulunu sürətləndirmək məqsədilə “BAE Systems” şirkətinə 5,9 milyard funt sterlinq dəyərində yeni müqavilə verib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, hazırda sinfin “Dreadnought” adlı ilk sualtı qayığının inşası şirkətin Barrou-in-Furness şəhərində yerləşən gəmiqayırma zavodunda plan üzrə davam edir.

Bu sualtı qayığın 2030-cu illərin əvvəllərində Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilməsi nəzərdə tutulur.

Müqavilə, həmçinin ikinci sualtı qayıq “Valiant” üzərində işlərin davam etdirilməsini, eləcə də tikintisinin ilkin mərhələsində olan üçüncü və dördüncü sualtı qayıqlar – “Warspite” və “King George VI” üçün gövdələrin hazırlanması və avadanlıqların quraşdırılmasını da əhatə edir.

Dörd sualtı qayıqdan ibarət “Dreadnought” proqramı hazırda istismarda olan “Vanguard” sinifli sualtı qayıqları əvəz edəcək. Bununla da Böyük Britaniyanın strateji əhəmiyyət daşıyan “Continuous at Sea Deterrent” (CASD) – yəni dənizdə fasiləsiz nüvə çəkindirmə qabiliyyətinin davamlılığı təmin olunacaq. Yeni sinif sualtı qayıqlar Britaniya HDQ üçün indiyədək hazırlanmış ən böyük, ən güclü və texnoloji baxımdan ən müasir sualtı platformalar olacaq.

Back to top button