Böyük Britaniya Ordusu L85 avtomatını dəyişdirir

Böyük Britaniya Ordusu L85 avtomatını dəyişdirir

Böyük Britaniya Ordusu, 2025 -ci ildən başlayaraq 5,56×45 mm çaplı L85 avtomatını dəyişdirməyi planlaşdırır.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, avtomatların dəyişdirilməsinə əlavə olaraq yeni bir çapa – 6,8 mm-ə keçidin olacağını da ehtimal etmək olar.

Bu çap, indi NGSW (Next Generation Squad Weapons – yeni nəsil manqa silahları) proqramının icrasına başlamış və bu yaxınlarda ilk 6.8 mm-lik avtomat və pulemyotları silahlanmaya qəbul etmiş ABŞ Ordusu tərəfindən seçilib.

NGSW prototipləşdirmə səyləri, iki sistem arasında ortaq 6.8 mm patron və atəş idarəetmə sistemi (NGSW-FC – Fire Control) olan tüfəng (NGSW-R – Rifle) və avtomatik tüfəngdən (NGSW-AR – Automatic Rifle) ibarətdir. Keçid, Yaxın Mübarizə Qüvvələri (CCF – Close Combat Force) tərkibində M4A1 hücum tüfənginin NGSW-R ilə və M249 Squad Automatic Weapon pulemyotunun isə NGSW-AR ilə əvəz edilməsi məqsədini daşıyır.

Qeyd edək ki, bunlar ABŞ-da filialı olan Almaniyanın “SIG Sauer” şirkəti tərəfindən istehsal olunan MCX-SPEAR tüfəngi və SIG-LMG-6.8 pulemyotudur.

Yeni çapın ən əhəmiyyətli üstünlükləri arasında, döyüş sursatının “istənilən zirehli jileti deşə bilməsi” göstərilir. Patron yüksək lüləağzı sürətə və uzun atəş məsafəsinə, həmçinin nisbətən kiçik kütləyə malikdir.

Xatırladaq ki, 2018-ci ildə Almaniyanın “Heckler & Koch” şirkəti Böyük Britaniya Ordusu üçün L85 avtomatını A3 versiyasına qədər təkmilləşdirib. L85A3 avtomatına Almaniyanın “Heckler & Koch” şirkətinin 40 mm-lik HK AG36 qumbaraatanı da quraşdırıla bilir.

Böyük Britaniya Ordusunun istifadəsində olan atıcı silah kompleksinə L85 avtomatından başqa, L86 yüngül pulemyotu, L22 qısaldılmış avtomatı və L98 təlim tüfəngini daxildir. Kompleksin yaradılması üzərində işlərə 1980-ci ildə “Royal Ordnance” şirkəti tərəfindən başlanmış və 1984-cü ildə tamamlanaraq SA80 (1980 -ci il üçün atıcı silahlar) adı ilə silahlanmaya daxil edilib.

Böyük Britaniya hərbiçilərinin ABŞ-dakı sınaqların nəticələrinə görə hazır məhsulu seçəcəyi və ya özləri üçün yeni bir xətt hazırlayacaq həll yolu seçməyi planlaşdırdıqları hələ məlum deyil. Çünki əvəzetmə üçün tender hələ elan edilməyib. İstənilən halda, artıq keçid planlaşdırılıb və yaxın gələcəkdə əsgərlər yeni çaplı silahlarla təmin ediləcəklər.

bb1 bb2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS