Xəbərlər

Böyük Britaniya tırtıllı AS-90 haubitsasını əvəz etmək üçün təkərli ÖAQ seçir

Böyük Britaniyanın Müdafiə Nazirliyi, yaxın gələcəkdə ordunu gücləndirməli olan “Mobile Fires Platform” proqramı çərçivəsində tırtıllı AS-90 özüyeriyən artilleriya qurğusunu (ÖAQ) əvəz etməkdən ötrü yeni təkərli ÖAQ seçəcək.

“Poliqon” “Army Technology” nəşrinə istinadən xəbər verir ki, önümüzdəki on il ərzində bu proqramın icrasına təxminən 800 milyon funt sterlinqdən (1,1 milyard ABŞ dollarından) artıq vəsaitin ayrılması planlaşdırılır. Bununla belə, rəsmi London, bu proqram üçün sırf ingilis yanaşması ilə bir namizəd seçməyə qərar verib. Yəni hazırda ABŞ-da beş fərqli təkərli ÖAQ-nun müqayisəli sınaqlarını kənardan müşahidə edərək öz ordusu üçün seçim aparacaq.

Əvvəllər xəbər verdiyimiz kimi, ABŞ Ordusu artilleriya birləşmələrinin silahlandırmasındakı köhnə sistemlərin əvəz edilməsi üçün beş təkərli ÖAQ-nun müqayisəli sınaqlarını keçirir. Sınaqlara cəlb edilmiş sistemlərin sırasına İsrailin “Elbit” şirkətinin ATMOS 2000 (Autonomous Truck MOunted howitzer System), İsveçin “BAE Systems” şirkətinin Archer, Fransanın “Nexter” şirkətinin CAESAR (Camion équipé d’un système d’artillerie), Serbiyanın “Yugoimport” şirkətinin Nora B52 və ABŞ-ın “AM General” şirkətinin Brutus ÖAQ-ları daxildir. Bu sınaqlar, 2023-cü ildə icrasına başlanacaq geniş miqyaslı sifarişin yerinə yetirilməsi üçün qalibin seçilməsi məqsədi ilə keçirilir.

Qeyd etmək lazımdır ki, ABŞ Ordusu ilə imzalanacaq müqavilə ilə yanaşı, müsabiqənin qalibi Böyük Britaniyadan gələcək sifarişə də tam etibar edə bilər.

Rəsmi Londonun artilleriya sistemlərimi yeniləmək istəyi isə olduqca başa düşüləndir. Belə ki, Böyük Britaniya Ordusunun artilleriya qoşunlarının sərəncamında olan mobil artilleriya sistemlərindən yalnız keçən əsrin 90-cı illərin əvvəllərində ordunun silahlanmasına daxil olmuş AS-90 ÖAQ var.

Bu 155 mm-lik ÖAQ-nun lüləsinin uzunluğu 39 çapa və atış məsafəsi 25 km-ə bərabərdir. Müxtəlif mənbələrin məlumatına görə AS-90 ÖAQ 2000-ci illərdə təkmilləşdirilərək 52 çap uzunluğunda lüləyə malik AS90 “Braveheart” modifikasiyası kimi hərbiçilərə təqdim edilmişdir. Lakin, ya çox məhdud sayda silahlanmaya qəbul edilmiş, ya da ümumiyyətlə heç qəbul edilməmişdir.

Bundan başqa, tırtıllı AS-90 ÖAQ sayı daim azalır: keçən əsrin 90-cı illərində istehsal edilmiş 179 ədəd qurğudan 2008-ci ildə 134 ədəd, 2015-ci ildə 117 ədəd və indi yalnız 90 ədədə yaxın qalıb ki, onların da 2032-ci ildə istismardan çıxarılması gözlənilir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button