
Böyük Britaniyada radio dalğa silah sistemi ilə dron sürüsü məhv edilib
Böyük Britaniyada hazırlanmış yeni yönləndirilmiş enerji silahının son sınağı keçirilib.
“Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sınaq zamanı dron sürüsü uğurla izlənib, hədəfə alınıb və məhv edilib.
Sınaq Qərbi Uelsdə yerləşən silah poliqonunda həyata keçirilib və bu, Britaniya Ordusunun indiyə qədər sürü dron əleyhinə keçirdiyi ən böyük test olub.
Sınaqdan keçirilən “Radiofrequency Directed Energy Weapon” (RF DEW) tipli silah sistemi çoxsaylı hədəfləri ani olaraq zərərsizləşdirmək qabiliyyətini sübut edib.
Qeyd edilib ki, Böyük Britaniya hökuməti bu sahədə tədqiqat və inkişaf işlərinə bu günə qədər 40 milyon funt-sterlinqdən çox sərmayə qoyub.
Sözügedən silah sistemi dronların içindəki kritik elektron komponentləri pozmaq və ya zədələmək üçün yüksək tezlikli radio dalğalarından istifadə edir ki, bu da onların düşməsinə və ya sıradan çıxmasına səbəb olur.
Hər atəşin təxmini dəyəri 10 pens olduğu üçün əgər bu sistem əməliyyat xidmətinə qəbul edilərsə, ənənəvi raket əsaslı hava hücumundan müdafiə sistemlərindən daha sərfəli olacaq.
RF DEW sistemləri 1 km-ə qədər məsafədə hava hədəflərini məhv edə bilir və elektron müharibə vasitəsilə qarşısı alınmayan təhdidlərə qarşı effektivdir.