Bülbüldəki orta məktəbdə şəhid Vüqar Bədəlovun xatirəsi anılıb

Bülbüldəki orta məktəbdə şəhid Vüqar Bədəlovun xatirəsi anılıb

Birinci Qarabağ müharibəsi zamanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində şərəfli döyüş yolu keçərək şəhid olmuş hərbi qulluqçularımızdan biri də əsgər Vüqar Bədəlovdur. O, 1973-cü il martın 3-də Bakıda anadan olub. Vətənpərvər və imanlı gənc kimi formalaşıb. Sovet ordusu sıralarında hərbi xidmətini yarımçıq qoyaraq Vətənin çətin günlərində geri qayıdıb. Könüllü olaraq ön cəbhədəki hərbi hissəyə göndərilib. 1992-ci il noyabrın 6-da isə Ağdam rayonunun Sırxavənd kəndi uğrunda döyüşdə ağır yaralanaraq şəhadətə qovuşub. Yaşasaydı, bu il 50 yaşını qeyd edəcəkdi. İgid silahdaşımızın xatirəsi heç vaxt unudulmur, adı ehtiramla anılır.

“Poliqon”un məlumatına görə, bu fikirlər Daxili Qoşunları veteranı, tədqiqatçı-jurnalist Yalçın Abbasovun “Bülbüldəki orta məktəbdə şəhid döyüşçünün xatirəsi anılıb” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Şəhid haqqında ilk məqalə “Əsgər” qəzetinin 28 iyul 1993-cü il tarixli sayında işıq üzü görüb. Məqalənin müəllifi ölkəmizin ilk hərbi jurnalistlərindən biri olan “Qızıl qələm” mükafatı laureatı Mərdan Hüseynlidir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2007-ci il tarixli müvafiq sərəncamı ilə əsgər V.Bədəlov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Martın 3-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən Dilavər Məmmədzadə adına 232 saylı tam orta məktəbdə şəhidin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib. Vüqarın vaxtilə oxuduğu bu məktəb özünəməxsus ənənələri, o cümlədən ictimai tədbirləri ilə fərqlənən təhsil ocağıdır. Məktəbdə keçirilən mərasimdə şəhidin bacısı, Daxili Qoşunların sabiq hərbi qulluqçusu, ehtiyatda olan gizir Səbirə Əliyeva, Səbirə xanımın oğulları Riyad Əliyev, Vahid Əliyev, əmisi oğlu Etibar Bədəlov, bacısı qızı Fatimə Əliyeva, şəhid anaları Kəmalə Həsənova, Elvira Fərzullayeva, Cahan Əsədova, Narınc Orucova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Salman Musayev, AVMVİB-in Suraxanı Rayon Şöbəsinin sədri Eldar Rüstəmov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin hərbi qulluqçusu mayor Namiq Orucov, Daxili Qoşunların zabitləri və veteranları, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, habelə şagirdlər iştirak ediblər.

232 saylı tam orta məktəbin direktoru Nisə Fərəcova mərasimi açaraq iştirakçıları salamlayıb. O, qonaqları təqdim edərək, tədbirin planı barədə məlumat verib. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni oxunub. Direktor giriş nitqində ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, döyüş yolunun işıqlandırılması istiqamətlərində çoxşaxəli işlərin görüldüyünü, bunun təhsil müəssisələrini də əhatə etdiyini diqqətə çatdırıb. N.Fərəcova məktəbdə şəhid ailələrinin üzvləri və veteranların iştirakı ilə vətənpərvərlik mövzusunda müntəzəm tədbirlərin keçirilməsinin müsbət bir ənənəyə çevrildiyini deyib. Təşkil edilən mərasimin şəhidin xatirəsinə dərin ehtiramın təzahürü olduğunu söyləyib.

Tədbirdə igid döyüşçünün mənalı ömür yolundan bəhs edən videoçarx göstərilib. Məktəb şagirdlərinin təqdim etdikləri “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı bədii kompozisiya maraqla qarşılanıb. Vətənə və şəhidlərə həsr olunan şeirlər, eləcə də mahnılar səsləndirilib.

Daha sonra tədbirdə iştirak edən qonaqlara söz verilib. Daxili Qoşunların Ali Hərbi Məktəbi rəisinin tərbiyə işləri üzrə müavini polkovnik Nəriman İsayev, veteranlarımız Salman Musayev, Səfxan Bayramov, Mərdan Hüseynli, Güləbətin Əsədova, digər qonaqlardan Elmar Hüseynov, Eldar Rüstəmov, Etibar Bədəlov, şəhid anaları Kəmalə Həsənova, Elvira Fərzullayeva, Cahan Əsədova, Narınc Orucova mərasimdə çıxış ediblər və şagirdlərin suallarını cavablandırıblar. Çıxışlarda şəhidlik zirvəsinin müqəddəsliyi vurğulanıb, dövlətçilik təfəkkürü, vətənpərvərlik məfhumu, düzgün tərbiyə və təhsilin tarixi köklərimizə, mənəvi dəyərlərimizə, hərbi ənənələrimizə bağlılığımızı möhkəmləndirdiyi söylənilib. Bununla yanaşı, müharibə sınaqları, hərbi qulluqçularımızın qəhrəmanlıq nümunələri, torpaqlarımızın işğaldan azad edilməsi naminə şəhid və qazilərimizin göstərdikləri fədakarlığın gənc nəslə örnək olduğu barədə də danışılıb.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız hərbi zəfər nəticəsində şəhidlərimizin qisasının alındığını, doğma yurdlarımıza qovuşduğumuzu, bu gün qalib dövlətin vətəndaşları kimi qürur hissi yaşadığımızı bildirərək gəncləri mübarizliyə, şanlı ənənələrin davamçıları olmağa çağırıblar.

S.Əliyeva mərasimdəki çıxışında şəhid qardaşı ilə bağlı xatirələrini bölüşüb. O, ailəsinə göstərilən diqqət və qayğıya görə Daxili işlər nazirinə və Daxili qoşunların komandanına dərin minnətdarlığını ifadə edib, tədbirin təşkilində məktəb direktorunun, müəllim və şagirdlərin zəhmətini yüksək qiymətləndirib, mərasimə qatılan qonaqlara təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər. Həmin gün məktəbdə şəhidin adına ehsan süfrəsi də açılıb, ruhuna dualar oxunub.

Poliqon.az

CATEGORIES