
Bundesver 3000 ədəd “Eagle V” zirehli nəqliyyat vasitəsi sifariş etməyi planlaşdırır
Almaniya Silahlı Qüvvələri (Bundesver) yaxın vaxtlarda “General Dynamics European Land Systems” (GDELS) şirkətindən 3000 ədəd “Eagle V” zirehli nəqliyyat vasitəsi sifariş etməyi planlaşdırır.
“Poliqon” “Hartpunkt” nəşrinə istinadən xəbər verir ki, sifirişin ümumi dəyəri təxminən 4.8 milyard avro təşkil edəcək.
Nəşrin bildirdiyinə görə, bu satınalma iki təqdimat üzrə Almaniya Bundestaqının Büdcə Komitəsində müzakirə olunacaq.
Bu təqdimatlara əsasən, Bundesver GDELS ilə 4000-ə qədər “Eagle V 4×4” tipli zirehli komanda və funksional maşınların tədarükünü, eləcə də 1000-ə qədər “Eagle V 6×6” tipli zirehli tibbi nəqliyyat vasitəsinin (ambulans) tədarükünü nəzərdə tutan iki ayrı çərçivə sazişi bağlamağı planlaşdırır.
İlk mərhələdə büdcəyə cavabdeh qurumların ümumilikdə təxminən 4.8 milyard avronun ayrılmasına razılıq verməsi gözlənilir. Bu vəsait hesabına hər iki çərçivə müqaviləsi üzrə dərhal təqribən 3000 ədəd “Eagle V” nəqliyyat vasitəsinin sifariş edilməsi planlaşdırılır. Bu parkın təxminən 90 faizi “Eagle V 4×4” variantının payına düşür.


