
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiq edilib
Azərbaycanın “Cəsur döyüşçü” medalı haqqında Əsasnamə təsdiq edilib.
“Azeri Defence”nin məlumatına görə, Əsasnamə Azərbaycanın 2020-ci il
26 noyabr tarixli Qanunu ilə təsdiq edilib.
Təltif edilən şəxslər
“Cəsur döyüşçü” Azərbaycanın medalı ilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Təltif edən orqan
“Cəsur döyüşçü” Azərbaycanın medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Taxılma qaydası
“Cəsur döyüşçü” Azərbaycanın medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, “İgidliyə görə” medalından sonra taxılır.