Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası təsdiqləndi
Nazirlər Kabineti “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nı təsdiq edib. “AzeriDefence”nin məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı sənəd çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınmasını müəyyən edir.
Qaydalara əsasən, hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalı, yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verilməlidir. Çağırışçılar və hərbi vəzifəlilər iş yerlərində və təhsillərində olan dəyişikliklər barədə hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrini məlumatlandırmalıdırlar.