Cəbhə xəttində keçirilən hərbi təlimlər başa çatıb
Təlim tapşırıqları uğurla yerinə yetirilibAzərbaycan Silahlı Qüvvələrinin cəbhə xətti yaxınlığında keçirdiyi genişmiqyaslı hərbi təlimlər başa çatıb. “AzeriDefence”nin məlumatına görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında reallaşdırılan hərbi təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələri ilə yanaşı, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti də cəlb olunub.
Təlimdə əsas məqsəd son illər Azərbaycan ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunmaqla şəxsi heyətin döyuş hazırlığını və mənəvi-psixoloji səviyyəsini yoxlamaq, qoşunların birgə fəaliyyətinin planlaşdırılması və praktiki olaraq həyata keçirilməsini reallaşdırmaq olub.
Təlimin bütün mərhələlərində hərbçilər qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib, öz üzərlərinə düşən vəzifələrin icrasında peşəkarlıq sərgiləyiblər. Azərbaycan Ordusunun taktiki döyüş tətbiqini əhatə edən bu genişmiqyaslı təlimdə yüksək standartlara cavab verən və kifayət qədər böyük döyüş qabiliyyətinə malik hərbi texnikaların, modern radiolakasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin, kompyuter və multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarının cəlb olunması, xüsusilə şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu Silahlı Qüvvələrin döyüş hazırlığında yeni keyfiyyət göstəricilərini üzə çıxarmaqla yanaşı, peşəkar hərbi kadrların hazırlığı işində də ciddi irəliləyişlərin əldə olunduğunu nümayiş etdirib. Təlim zamanı artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla etimadı doğruldub. Döyüş təyyarə və helikopterləri yüksək pilotajla yanaşı, hədəflərə dəqiq aviasiya zərbələrinin endirilməsində fərqlənib. Tank və piyadaların döyüş maşınlarının heyətləri idarə etdikləri texnikaların manevr və atəş imkanlarından maksimum səviyyədə bəhrələnərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən məharətlə gəliblər.
Uğurların əldə olunmasında ayrı-ayrı qoşun növlərinin birgə fəaliyyətinin təmin olunması xüsusilə əhəmiyyətli rol oynayıb. Təlimə yekun vurularkən qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə müvəffəqiyyətlə yerinə yetirilməsi xüsusi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlı hər tədris ilində birlik və birləşmələrdə 70-dək müxtəlif xarakterli hərbi təlimlər keçirilir. Müxtəlif qoşun birləşmələrinin cəlb edildiyi bu təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən, müasir texnika və silahlardan intensiv şəkildə istifadə olunur. Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən verilən bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra edilir.