Cəbhədə minaya düşmüş ikinci zabitin kimliyi dəqiqləşdi – SON XƏBƏR
Azərbaycan Silahlı Qüvvələrinin ötən gecə Goranboyda minaya düşmüş ikinci zabitinin kimliyi məlum olub. “AzeriDefence.com” saytının xəbərinə görə, minaya düşmüş zabit hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi, mayor Zahir Məmmədovdur.
Zabitlərin minaya hansı şəraitdə düşdüyü açıqlanmayıb. “AzeriDefence”nin cəbhə xəttindəki zabitlərdən əldə etdiyi məlumata görə, öncə minaya mayor Z.Məmmədov düşüb. Kapitan İlqar Verdiyev isə yaralı zabiti minalı sahədən çıxarmaq istəyərkən ikinci minanın partlaması nəticəsində ağır yaralanıb. Onun bir qolu amputasiya olunub, bədənində çoxsaylı qəlpələr var.
Yaralı zabitlər Sarıcalı hospitalına yerləşdirilib. Yaralı zabitlərin Bakıdakı Mərkəzi Kliniki Hospitala gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, İ. Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub.
Qeyd edək ki, İ. Verdiyev Türkiyədə hərbi təhsil almış ilk Azərbaycan zabitlərindəndir. O Kara Harp Okulunu bitirib.