
Cənubi Koreyanın Müdafiə Satınalmaları Agentliyi (DAPA) may ayının sonunda “Cheongwang” lazer əsaslı hava hücumundan müdafiə (HHM) sisteminin əsas komponenti olan lazer generatorunun yerli istehsalını uğurla həyata keçirib.
“Poliqon” DAPA-ya istinadən xəbər verir ki, Yerli istehsal edilən lazer generatoru üçün hərbi texniki standartlar may ayında təsdiqlənib.
Beləliklə, bundan sonra sistemin kütləvi istehsal olunan bütün variantlarında artıq yerli istehsal lazer generatorlarından istifadə ediləcək.
Lazer generatoru lazer silahlarının performansını müəyyən edən ən kritik komponentdir və dünyada yalnız ABŞ, İsrail, Çin və Almaniya kimi məhdud sayda ölkə tərəfindən hazırlanıb istehsal edilə bilir. Bu səbəbdən sözügedən texnologiyanın transferi və ixracı ciddi şəkildə məhdudlaşdırılır.
Bu yerli istehsal layihəsi Cənubi Koreyanın Müdafiə Elmləri Tədqiqat İnstitutu tərəfindən həyata keçirilib, prototip istehsalında isə “Hanwha Systems” şirkəti iştirak edib. DAPA əvvəlcə texnoloji yetkinlik səviyyəsinin aşağı olması və artan dron təhlükəsinə sürətli cavab ehtiyacı səbəbilə 2024-cü ilin dekabrında istismara qəbul edilən “Cheongwang” sisteminin ilkin mərhələsində xarici istehsal lazer generatorlarından istifadə edib.
Lakin sonradan yüksək performanslı yerli lazer generatorunun hazırlanması qərarı verilib. Bu paralel inkişaf modeli həm vaxtın qısaldılmasına, həm də xərclərin azalmasına imkan yaradıb.
Qeyd olunub ki, yerli istehsal edilən lazer generatoru əvvəlki xarici məhsullarla müqayisədə güc və digər əsas göstəricilər üzrə təxminən 50%-dən çox performans artımı göstərib. Bu da testlər zamanı nəticələrə birbaşa təsir edib. Belə ki, dronların məhv edilməsi vaxtı 2-4 saniyədən 1-2 saniyəyə düşüb və böyük PUA-ların məhv edilməsi müddəti 10 saniyədən bir neçə saniyəyə endirilib.
Eyni zamanda, lazer sisteminin lokal istehsal səviyyəsi (dəyər baxımından) 76%-dən 90%-ə yüksəlib.
“Cheongwang” müasir döyüş meydanında “oyun dəyişdirici” hesab edilən pilotsuz uçuş aparatlarını (PUA) yüksək güclü lazerlə dəqiq şəkildə məhv edən yeni nəsil HHM sistemidir. Görünməz və səssiz olması ilə seçilən lazer silahı elektrik enerjisi olduqda limitsiz istifadə edilə bilir. Ümumilikdə sistem tərəfindən edilən hər atışın dəyəri çox aşağıdır ki, bu da onu iqtisadi baxımdan effektiv edir.
DAPA gələcəkdə “Cheongwang Block-II” layihəsi ilə lazer gücünün artırılması, dəqiqliyin yüksəldilməsi və sistemin daha yüngül və kompakt hala gətirilməsi istiqamətində inkişafı davam etdirməyi planlaşdırır.




