HavaXəbərlər

Çexiya L-39 “Skyfox” təyyarəsi üçün iki qitədən yeni sifarişlər alıb

Çexiyanın “AERO Vodochody AEROSPACE” (AERO) şirkəti Anqola və Şimali Amerikadakı müştərilər üçün L-39 “Skyfox” təyyarələrinin tədarükünə dair iki yeni müqavilə imzalayıb.

“Poliqon” AERO-ya istinadən xəbər verir ki, bu sifarişlər “Skyfox” proqramının Afrika və Şimali Amerika qitələrinə genişlənməsində mühüm mərhələ hesab olunur.

Yeni müqavilələrin imzalanması ilə L-39 “Skyfox” Avropa və Asiyadan sonra daha iki qitədə də fəaliyyət göstərəcək. Hər iki müqavilə üzrə təyyarələr artıq istehsaldadır və razılaşdırılmış müddətlərdə təhvil veriləcək. Yeni kontraktlar həm də AERO-nun istehsal xəttinin 2027-ci ilin ikinci rübünə qədər dolu olduğunu göstərir.

Anqola L-39 “Skyfox” proqramının Afrikadakı ilk müştərisi olub. AERO bu ölkə ilə maksimum 4 ədəd L-39 “Skyfox” təyyarəsinin tədarükü barədə müqavilə imzalayıb. Razılaşmaya həmçinin təyyarələrin istismara hazırlanmasını və Anqola Hərbi Hava Qüvvələrinin (HHQ) təlim sisteminin inkişafını dəstəkləyən xidmətlər daxildir.

Əvvəlcə müştəri köhnə L-39 “Albatros” təyyarələrinin təmiri ilə maraqlansa da, sonradan daha yüksək performans, müasir avionika və uzunmüddətli inkişaf imkanları təqdim edən yeni “Skyfox” təyyarələrinin alınmasına qərar verib.

İkinci müqavilə isə Şimali Amerikadakı mülki sektor müştərisi ilə bağlanıb. Sözügedən müştəri L-39 “Albatros” ilə uzun illərin təcrübəsinə malikdir və indi ilk “Skyfox” təyyarəsinin regionda istismarına hazırlaşır. Müqaviləyə həmçinin “Skyfox” markasının regionda təqdimatını və kommersiya təmsilçiliyini əhatə edir.

Şirkət üçün bu müqavilə həm yeni qitəyə çıxış, həm də digər potensial müştərilərə platformanın birbaşa nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.

L-39 “Skyfox” (L-39NG – Next Generation) yeni nəsil təlim-döyüş təyyarəsi olub, pilot hazırlığı, taktiki dəstək və kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, təyyarə öz sinfində ən səmərəli platformalardan biri hesab olunur və NATO ilə Avropa İttifaqının standartlarına uyğun sertifikatlaşdırılıb.

Müasir avionika sistemləri, güclü reaktiv mühərrik və yüksək uçuş göstəricilərini özündə birləşdirən L-39 “Skyfox” 4-cü və 5-ci nəsil döyüş təyyarələri üçün pilot hazırlığında, eləcə də kəşfiyyat tapşırıqlarının və quru qoşunları ilə koordinasiyalı taktiki əməliyyatların icrasında effektiv platforma kimi çıxış edir.

L-39 “Skyfox”un boş çəkisi 3280 kq, maksimal qalxma kütləsi isə 5600 kq təşkil edir. İstehsalçı tərəfindən təyyarənin xidmət müddəti 15000 uçuş saatı olaraq müəyyən edilib. 1350 kq-yə qədər faydalı yük daşıya bilən “Skyfox”un maksimal sürəti 907 km/saat, daxili yanacaqla maksimal uçuş məsafəsi isə 1900 km-dir. O, havada fasiləsiz olaraq 3 saat 45 dəqiqə qala bilir. L-39 “Skyfox”un uzunluğu 11,83 m, qanad açıqlığı 9,38 m və hündürlüyü 4,87 metrdir.

Back to top button