Çexiya Müdafiə Nazirliyi PDM seçə bilməyib

Çexiya Müdafiə Nazirliyi PDM seçə bilməyib

Çexiyada BMP-2 (BVP-2) piyadaların döyüş maşınlarının (PDM) dəyişdirilməsi üçün tenderdə iştirak edən hər üç iddiaçı Çex Müdafiə Nazirliyinin tələblərinə cavab vermədiyindən, Orduda keçmiş Sovet istehsalı PDM-lər qalmaqda davam edəcək.

Bu barədə “Poliqon” Çexiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, hər üç iddiaçının – CV90 Mk IV PDM ilə “BAE Systems Hägglunds”, ASCOD 42 PDM-i ilə “General Dynamics European Land Systems” (GDELS) və Lynx KF41 PDM-i ilə “Rheinmetall” – təkliflərinin heç biri sifarişçinin tələblərinə cavab vermədiyi üçün qiymətləndirilə bilmir.

Çexiya Müdafiə Nazirliyində narazılığın əsas səbəbləri kimi “təklif olunan maşınların texniki xassələri ilə bağlı çatışmayan və ya qeyri-dəqiq məlumatlar və Çex müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığa dair natamam məlumatlar” göstərilib.

Nazirlik bütün iddiaçıları yazılı şəkildə xəbərdar edib, lakin satınalmalarda növbəti addımların nədən ibarət olacağını hələlik açıqlamayıb. Eyni zamanda şirkətlərin düzəlişlər etmək üçün vaxtı var – rəsmi tender proseduru 2022-ci il iyunun 30-dək davam edəcək.

Çexiya Müdafiə Nazirliyi bildirir ki, 210 ədəd yeni PDM alınması layihəsi təkcə 7-ci mexanikləşdirilmiş briqadanın yenidən silahlanması üçün deyil, həm də ölkənin müttəfiqlər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün həlledici əhəmiyyətə malikdir (həmçinin bax: Çexiya 210 ədəd yeni PDM almaq istəyir).

Əhəd Əzizov
CATEGORIES
TAGS