Çexiya Ukraynaya əlavə silahlar verməyə hazırlaşır
Çexiya Ukraynaya əlavə silahlar verməyi planlaşdırıb.
“Poliqon” xəbər verir ki, bunu Çexiya müdafiə naziri Yana Çernoxova (Jana Černochová) deyib.
Müdafiə naziri yaxın həftələrdə hökumətdən Ukraynaya hərbi yardım üçün daha çox pul ayırmağı xahiş etmək niyyətindədir. O, 29 may tarixində Çexiya “Ceska Televize 24” telekanalında deyib ki, bu məbləğ təxminən 600-700 milyon (24-28 milyon avro) kron olmalıdır: “Çexiya uzunmüddətli perspektivdə kömək edən ölkələrdən biridir. Mənim hökumətin iclası üçün təxminən 600-700 milyon kron məbləğində əlavə hərbi materialım var. Yardımın davamlı olması vacibdir”.
Onun sözlərinə görə, mayın sonuna olan məlumata əsasən, Çexiya hökuməti artıq Ukraynaya 3,5 milyard krondan (təxminən 140 milyon avro) artıq hərbi yardım edib.
Nazir bildirib ki, 600-700 milyon kron (24-28 milyon avro) məbləğində əlavə hərbi yardım üçün Çexiya hökumətinə yeni sorğu hazırlanır. O, həmçinin təsdiqləyib ki, Çexiya Ukraynaya silah və ağır texnika, o cümlədən tanklar və helikopterlər verib. Eyni zamanda Çexiya Ukraynaya atıcı silahlar, raketlər və tibbi avadanlıqlar göndərib.
KİV-in məlumatına görə, Çexiya artıq Ukraynaya ağır texnika, o cümlədən DANA özüyeriyən haubitsaları, RM-70 yaylım atəşli reaktiv sistemlər, T-72 tankları və piyadaların döyüş maşınları göndərib.
Eləcə də, Çexiya Müdafiə Nazirliyi sadə vətəndaşların Ukraynaya bağışladığı pullarla silah və hərbi texnikanın alınması sahəsində də Ukraynanın Praqadakı səfirliyi ilə əməkdaşlıq edir. Hazırda bu məbləğ təxminən 1,2 milyard kron (48 milyon avro) təşkil edir.
Daha əvvəl xəbər verildiyi kimi, Çexiya müharibə başlamazdan əvvəl Ukraynanı müdafiə silahları ilə təchiz etməyə başlayıb. Ukraynanın Praqadakı səfirliyində silah alışı məqsədi ilə pul toplamaq üçün xüsusi hesab da açılıb.
Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski yenidən Qərb ölkələrindən daha çox silah tədarük etməyi xahiş edib.
“Bizim nəinki Rusiyanın hücumunu dayandırmağa, həm də işğal olunmuş əraziləri azad etməyə kömək edəcək silahlara ehtiyacımız var. Bizə tanklar, zirehli texnikalar lazımdır. Həmçinin Rusiyanın mövqelərinə təhlükəsiz məsafədən hücum edə bilməyimiz üçün 60-90 kilometr məsafəyə atəş aça bilən yaylım atəşli reaktiv sistemlər də lazımdır”, – deyə Ukraynanın Çexiyadakı səfiri Yevgen Perebiynis bildirib.
Bununla belə, onun sözlərinə görə, Ukraynanın əlavə aviasiya texnikalarına və hava hücumundan müdafiə sistemlərinə də ehtiyacı var.
Əhəd Əzizov