
Çexiyanın “Excalibur Army” (CSG qrupunun üzvü) və “New Space Technologies s.r.o.” (NST) şirkətləri MEANDER adlı yeni xüsusi təyinatlı hərbi nəqliyyat vasitəsinin hazırlanması üçün əməkdaşlıq sazişi imzalayıb.
“Poliqon” “Excalibur Army”ə istinadən xəbər verir ki, MEANDER artıq sınaqdan keçmiş KALAN platforması əsasında hazırlanır.
Bildirilib ki, yeni texnika çətin əməliyyat şəraitində şəxsi heyət və yüklərin daşınması üçün nəzərdə tutulmuş amfibiya tipli tırtıllı nəqliyyat vasitəsi kimi dizayn edilib. Tərəfdaşlıq çərçivəsində “Excalibur Army” hərbi, əməliyyat və istifadəçi tələblərini müəyyən edəcək, NST isə ilk prototip də daxil olmaqla texniki inkişaf, mühəndislik və istehsala rəhbərlik edəcək.
Saziş Parisdə keçirilən “Eurosatory 2026” sərgisində imzalanıb və ilkin olaraq 3 il müddətinə qüvvədə olacaq. Bu, qabaqcıl müdafiə texnologiyaları sahəsində uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaradır.
Qeyd olunub ki, MEANDER-in ilk prototipi 21-23 oktyabr 2026 tarixlərində Praqada keçiriləcək “Future Forces 2026” forumunda rəsmi şəkildə təqdim ediləcək.




