Çin yeni mobil SWS2 ZRTK-ni qoşun sınaqlarına çıxarıb

Çin yeni mobil SWS2 ZRTK-ni qoşun sınaqlarına çıxarıb

Çinin CSGC (“China South Industries Group”) şirkəti tərəfindən hazırlanan yeni tipli ilk özüyeriyən hava hücumundan müdafiə sistemləri qoşun sınaqlarının keçirilməsindən ötrü orduya təhvil verilib.

“Poliqon” xəbər verir ki, yeni SWS2 indeksli zenit raket-top kompleksi (ZRTK) hazırda qoşun sınaqlarından keçirilir.

CCTV telekanalının efirində bildirilib ki, Çin silah sənayesi tərəfindən müstəqil olaraq inkişaf etdirilən özüyeriyən zenit qurğusu, öncül radiolokasiya və atəşi idarəetmə sistemləri ilə təchiz edilib və avtonom döyüş vahidi olaraq döyüş tapşırıqlarını yerinə yetirə bilir ki, bu da onu digər zenit silahları arasında yüksək səviyyəli bir məmulat halına gətirir.

CSGC şirkətinin mətbuat xidmətinin açıqladığı məlumata görə, bu silah, atəş nisbətini əhəmiyyətli dərəcədə artıran tamamilə yeni fırlanan avtomatik doldurucudan istifadə etdiyi üçün, qoşalaşdırılmış lüləli sələfləri ilə eyni döyüş qabiliyyətinə sahib 35 mm-lik tək lüləli avtomatik topdan istifadə edir.

SWS2 ZRTK, yürüşdə və mövqelərdə quru qoşunları bölmələrinin havadan müdafiəsini təmin etmək üçün təyin edilib.

ZRTK, 35 mm-lik avtomatik topla və iki “yer-hava” sinifli raketlərlə təchiz edilib. Döyüş modulu 8×8 təkər formullu ZBL-08 zirehli transportyorunun şassisinə əsaslanan fırlanan platformada yerləşdiirilib. Hədəfin aşkarlanması üçün ənənəvi radiolokasiya və optik modul daxil olmaqla kombinələşdirilmiş sistemdən istifadə olunur. Kompleks hərəkətdə olduğu zaman belə, hədəflərin məhv edilməsini təmin edir ki, bu da qurğunun mexanikləşdirilmiş qoşunları müşayiət etməsinə imkan verir.

Döyüş modulu üfiqi müstəvidə 360°, şaquli müstəvidə isə  -2° – +85° bucaqlarda, zenit idarəolunan raketlərlə paket isə -5° – +70° bucaqlarda tuşlana bilir.

35 mm-lik avtomatik topun nişangah atış məsafəsi 4000 metr, hündürlük üzrə ən təsirli atəş 3000 metr, döyüş dəsti isə 400 atəş yığımı təşkil edir.

ZRTK, 6 km yüksəklikdəki hədəfləri vurma qabiliyyətinə və saniyədə 400 metrə qədər sürətlə uçan dörd ədədə qədər TY-90 zenit idarəolunan raketi daşıya bilir.

Hava hədəflərini aşkar etmək üçün kompleksin üzərində dairəvi müşahidə imkanlı radiolokasiya stansiyası yerləşdirilib.

Baza qismində, görünüşü dəyişdirilmiş gövdəli təkmilləşdirilmiş ZBL-08 zirehli transportyorundan istifadə olunur. Zirehli transportyorun əsas versiyasında, maşını saatda 100 km-ə qədər sürətlə hərəkət etdirə bilən, 440 at gücündə Deutz BF6M1015C dizel mühərrikli ilə tətbiq edilib. Yanacaq üzrə gediş ehtiyatı 800 km təşkil edir.

Qeyd edək ki,”China South Industries Group” tərəfindən hazırlanmış və ilk dəfə 2018-ci ildə təqdim edilmiş SWS2 Rusiyanın “Pantsir” zenit raket-top kompleksinin analoqu hesab edilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS