
Türkiyədə “Levent” HHM sisteminin növbəti atış sınağı keçirilib
“Roketsan” şirkətinin inkişaf etdirdiyi “Levent” yaxın mənzilli hava hücumundan müdafiə (HHM) sisteminin növbəti atış sınağı keçirilib.
“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq Türkiyə Hərbi Dəniz Qüvvələrinin “TCG Beykoz” (F-503) korvetinə quraşdırılan “Levent” HHM sistemindən uğurla yerinə yetirilib.
Qeyd edək ki, dəniz platformaları və suüstü gəmilərin yaxın hava təhlükəsizliyini təmin edən “Levent”, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. “Roketsan” şirkəti onun inkişaf etdirilməsində “Sungur” və “Hisar” HHM sistemlərindən qazanılan təcrübədən istifadə edib.
“Levent” HHM sistemi hava hücumundan müdafiə layihələri çərçivəsində inkişaf etdirilən sensor texnologiyaları (axtarış başlığı, RF sensorları və s.) ilə təchiz olunub. O, “Sungur” raketlərindən başqa, digər yaxın hava hücumundan müdafiə raketlərini də atacaq infrastruktura malikdir. Beləliklə “Levent” istifadəçiyə fərqli raketləri tək silah sistemi vasitəsilə atmaq imkanı verir.
Gəmilərin döyüş idarəetmə sisteminə tam inteqrasiya oluna bilən “Levent” “Təhlükələrin Qiymətləndirilməsi və Silahların Yerləşdirilməsi Alqoritmi”nə sahib avtomatik atəş rejminə, atdın-unutdun xüsusiyyətinə, RF passiv sensora, infraqırmızı arayıcı başlıq texnologiyasına malikdir. HHM sistemi istifadəçini 360 dərəcə atış qabiliyyəti və tez reaksiya vermək bacarığı ilə təmin edir.
Sistemin əsas üstünlüklərindən biri onun mexaniki, yarı avtomatik və tam avtomatik işləmə rejmlərinə sahib olmasıdır.