Çində J-20 qırıcılarının tam miqyaslı seriyalı istehsalına başlanılıb
Çinin WS-10 təyyarə mühərriklərinin tədarükünə başlandıqdan sonra, “Chengdu Aircraft Industrial Group” korporasiyası J-20 qırıcılarının tam miqyaslı seriyalı istehsalını elan edib.
“Poliqon” xəbər verir ki, beləliklə, Çin qırıcılarının daha Rusiya təyyarə mühərrikləri ilə təchizatına ehtiyac qalmayacaq.
Uzun müddət Çin hərbi-sənaye kompleksi kifayət qədər gücə və etibarlılığa malik təyyarə mühərriki yarada bilməyib. 2010-cu ildən WS-10 təyyarə mühərrikləri “Shenyang” J-11 və J-16 iki mühərrikli qırıcılarda quraşdırılmağa başlayıb, bir sıra digər təyyarələr üçün isə Rusiyanın AL-31F mühərrikləri alınıb. İndi isə Çin özünün bütün qırıcıları üçün mühərrik idxalını dayandıra bilər.
Xatırladaq ki, “Chengdu” J-20 qırıcısı Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin silahlanmasına 2017-ci ildə daxil olub. Təyyarə “Shenyang Aircraft” korporasiyası tərəfindən hazırlanıb və “Chengdu Aircraft Industry” zavodunda yığılıb. İstehsalçı təyyarəni qabaqcıl elektronika ilə təchiz edilmiş və stels-texnologiyadan istifadə edilməklə inşa edilmiş beşinci nəsil qırıcı kimi təqdim edir. Bununla belə onunla bağlı bütün texniki məlumatları məxfiləşdirilib.
Qeyd edək ki, J-20 qırıcısının prototipinin ilk uçuşu 2011-ci ildə, rəsmi nümayişi isə 2016-cı ildə Zhuhai aviasalonunda baş tutub.
Əhəd Əzizov