AnalizXəbərlər

Çinin “Shenyang J-16” çoxməqsədli qırıcı təyyarəsi – TƏHLİL

Çinin müdafiə sənayesi bir çox cəhətdən Rusiyanın müasir Su-35 (NATO təsnifatı ilə “Flanker-Е+”) döyüş təyyarələrinə bənzəyən “Shenyang J-16” (qısaca J-16) çoxməqsədli qırıcı təyyarəsini uğurla inkişaf etdirib.

“Poliqon”un məlumatına görə, J-16 qırıcısı Çinin ən böyük hərbi təyyarə istehsalçısı olan “Shenyang Aircraft Corporation” (Shenyang Aircraft) tərəfindən öz növbəsində Su-30MKK (NATO təsnifatı ilə “Flanker-C”) təyyarəsinin daha da inkişaf etdirilmiş versiyası olan “Shenyang J-11BS” (J-11BS) əsasında hazırlanıb.

Qeyd edək ki, Rusiyanın Çin silahlı qüvvələrinə verdiyi güclü qırıcı təyyarə olan Su-30MKK əhəmiyyətli bir amil idi. Lakin onun avionikası və silah sistemləri qabaqcıl Qərb layihələrindən çox geridə qalırdı. Nəticədə, Çin öz təyyarələrini Rusiya texnologiyasına əsaslanaraq inkişaf etdirmək qərarına gəlmiş və J-16 təyyarəsinin hazırlanmasından sonra Su-30MMK/MK2 təyyarələrinin idxalını dayandırmışdır.

Yeni J-16 qırıcı təyyarəsi yeni fazalı antenalı radiolokasiya stansiyası (RLS) və infraqırmızı tuşlama sistemi də daxil olmaqla, yenilənmiş bort avadanlığı (avionika) ilə təchiz edilib. Açıq xarici mənbələr göstərir ki, J-16 təyyarəsinin RLS-də təxminən 1 metr diametrli antena və 2000 ötürücü-qəbuledici modul var. Antenanın maksimal gücü 6 kVt, orta gücü isə 2 kVt-dır.

Bu təyyarə 4++ nəsil təyyarələrin taktiki-texniki xüsusiyyətlərinə malikdir. Yeni təyyarənin əsas problemi onun mühərrikidir, çünki yerli layihələrin xidmət müddəti və etibarlılığı məhduddur.

J-16 təyyarəsi, Hərbi Dəniz Qüvvələrinin “Shenyang J-15” (J-15) qırıcısından törəmə J-11 təyyarəsi ilə müqayisədə bir qədər fərqli şaquli stabilizatora malikdir. Əvvəllər bildirilirdi ki, J-16 təyyarəsinin naviqasiya avadanlığı J-15 təyyarəsindən xeyli yaxşıdır və tədricən J-15 təyyarələrini əvəz edə bilər.

J-16 təyyarəsinin əsas xüsusiyyətlərindən biri onun silahlanması, xüsusən də PL-10 “hava-hava” sinif raketləridir. Bu raketin 128×128 həlletmə qabiliyyətli infraqırmızı özütuşlama başlığı, yüksək həssaslığı, mühərrikin dartma vektorunun idarə olunması və digər konstruktiv xüsusiyyətləri sayəsində döyüş üstünlüklərinə malik olduğu deyilir. Bütün bu xüsusiyyətlər sayəsində PL-10 raketi müxtəlif növ hava hədəflərini etibarlı şəkildə vura bilir və həmçinin susdurulmadan qorunur.

J-16 qırıcıları, qarşıdakı illərdə Hindistan Hərbi Hava Qüvvələri (HHQ) silahlanmasına qəbul edilə biləcək “Dassault Rafale” təyyarələrinə qarşı güclü bir silah ola bilər. Radiolokasiya tuşlamalı PL-12 raketləri ilə təchiz olunmuş J-16 təyyarəsi, “Dassault Rafale” qırıcısına effektiv şəkildə qarşı çıxa bilər. O, J-11 variantları ilə müqayisədə, həmçinin PL-8 hava-hava raketləri üçün raket dirəyinə (pilonuna) malikdir. YJ8-3 gəmi əleyhinə raketdən başqa əlavə olaraq, J-16 təyyarəsi, başqa bir YJ-6-2 böyük gəmi əleyhinə raketindən də istifadə edə bilir.

Qırıcı təyyarənin quraşdırılmış daxili silahlanması tək 30 mm-lik avtomatik topdan ibarətdir. Qanadların və gövdənin altındakı 12 qovşaq isə raket və bomba daşımaq üçün istifadə olunur. Asılmış silahların ümumi kütləsi 8.000 kq-a (bəzi məlumatlara görə 12.000 kq-a) qədərdir. Təyyarə Çin HHQ tərəfindən istifadə edilən müxtəlif növ idarə olunan və idarə olunmayan raket və bombaları daşıya bilir.

Çinin “Shenyang J-16” qırıcı təyyarəsinin mövcudluğu 2012-ci ilin ortalarında məlum olub. O vaxtdan bəri Çin aviasiya sənayesi qırıcı təyyarənin sınaq və təkmilləşdirilməsini başa çatdırıb və seriyalı istehsalına başlayıb. 2016-cı ilin əvvəlində yeni modelin ən azı 24 təyyarəsinin mövcudluğu bildirilib. J-16 2014-cü ildə hərbi xidmətə başlayıb.

Çin bu yaxınlarda J-16 qırıcı təyyarəsinin qeyri-adi dərəcədə çox saylı “hava-hava” sinif raketlərlə silahlandırılmış versiyasını nümayiş etdirib. Bu, yalnız fərdi təyyarələrin imkanlarına güvənmək əvəzinə, çoxlu sayda təyyarə ilə vizual məsafədən kənar döyüşə keçmək niyyətini göstərir.

İlk dəfə 12 iyul 2026-cı ildə “South China Morning Post” qəzetində dərc edilən bu konfiqurasiya, davamlı hava tapşırıqlarında qabaqcıl HHQ-nə qarşı çıxmaq üçün kütləvi raket tətbiq etməyə, şəbəkə hədəf göstərilməsinə və genişləndirilmiş zərbə mənzilinə əsaslanan bir strategiyanı göstərir. Bir çox hərbi analitiklər hesab edirlər ki, Çin HHQ hərbi təyyarələrini uzunmüddətli patrul xidmətlərinə və uzaq mənzilli hava üstünlüyünə hazırlayır.

“Ordnance Science and Technology” jurnalında dərc olunmuş təhlildə qeyd olunur ki, çoxlu sayda uzaqmənzilli raketləri olan J-16 təyyarəsinin fotoşəklinin ortaya çıxması Çin HHQ-nin yeni hücum taktiki imkanlarının inkişaf etdiyini göstərir.

Belə bir fikir var ki, Hind-Pakistan münaqişəsinin nəticələri əsas olaraq götürülüb. Bu münaqişədə təyyarə qrupları arasında uzun məsafələrdə döyüş toqquşmaları baş verib və həm “hava-hava”, həm də “yer-hava” sinif raketlərin kütləvi buraxılışı müşahidə olunub.

Maksimal məsafəli döyüşlər üçün səkkiz PL-15 raketi və yaxın məsafəli döyüşlər üçün iki PL-10 raketi ilə silahlanmış J-16 təyyarəsi, yaxın məsafəli döyüş qabiliyyətini qoruyarkən birdən çox hədəfi vura bilən ağır yük maşınına çevrilib. J-16, əvvəllər göstərilən daha təmkinli silah konfiqurasiyalarından kəskin şəkildə fərqli olaraq, demək olar ki, maksimal döyüş yüklənməsinə (“beast mode”) sahibdir. “Beast mode” termini qırıcı təyyarənin maksimal döyüş yükü konfiqurasiyasına aiddir və burada təyyarə atəş gücünü, həmçinin uzun müddət döyüşü davam etdirmək qabiliyyətini artırmaq üçün mümkün olan maksimal miqdarda silah daşıyır. Bununla belə, əvvəllər ictimaiyyətə nümayiş etdirilən J-16 təyyarəsinin silahlanma konfiqurasiyaları xeyli daha təvazökar idi. Bunlara adətən iki orta mənzilli raket və iki qısa mənzilli raket, bəzi hallarda isə dörd orta mənzilli raket və iki qısa mənzilli raket daxil idi.

“Shenyang J-20” (J-20) az nəzərə çarpan qırıcıları, “Shaanxi KJ-500” havada erkən xəbərdarlıq təyyarələri (Airborne early warning and control – AEW&C) və digər şəbəkə sensorları ilə inteqrasiya olunmuş bu cür silahlar, Çin HHQ-nin paylanmış məhvetmə zəncirlərinə, göyərtədəki daha böyük döyüş dəstinə və nəticədə Hind-Sakit Okean bölgəsində hava üstünlüyü əməliyyatları potensialına artan diqqətini əks etdirir.

J-16, Su-27 təyyarəsinin aerodinamik sxeminə əsaslanan iki mühərrikli, iki oturacaqlı çoxməqsədli döyüş təyyarəsidir. 4++ nəsil qırıcı olan bu təyyarə, böyük daxili yanacaq tutumu, əhəmiyyətli xarici faydalı yük, müasir atəş idarəetmə RLS-i, radioelektron mübarizə avadanlığı və təhlükəsiz taktiki məlumat mübadilə kanallarını özündə birləşdirir. O, Çin konstruktorları tərəfindən əhəmiyyətli dərəcədə təkmilləşdirilib, 12 asqı nöqtəsi var və 8.000 (12.000) kq-a qədər silah daşıya bilir.

Az nəzərə çarpan J-20 təyyarəsindən fərqli olaraq, J-16 aktiv hava hücumundan müdafiə şəbəkələrinə aşkarlanmadan nüfuz etmək üçün nəzərdə tutulmayıb. Onun dəyəri mənzilində, silahlanmasında, sensor imkanlarında və ikinci heyət üzvünün mürəkkəb taktiki məlumatları idarə etmək, radioelektron mübarizə aparmaq və uzaq mənzilli silahlardan istifadə etmək qabiliyyətindədir.

Təyyarə hər biri 135 kN dartma gücünə malik iki WS-10B turboreaktiv mühərriklə təchiz olunub. Təyyarənin boş kütləsi 17.700 kq, maksimal uçuş kütləsi 35.000 kq, maksimal faydalı yükü 8.000 (12.000) kq, maksimal uçuş sürəti Max 2, praktiki tavanı 17.300 m, döyüş radiusu 1.350 km-dir.

Qırıcının uzunluğu 21,9 m, hündürlüyü 6,4 m, qanadlarının açıqlığı 14,7 m, qanadların sahəsi isə 62 m2-dir.

J-16 təyyarəsi müxtəlif növ silahlarla, o cümlədən: quraşdırılmış 30 mm-lik avtomatik top; 12 xarici asqı PL-10, PL-15, PL-21 “hava-hava” sinif idarə olunan raketlər, KD-88 “hava-yer” sinif idarə olunan raketlər, YJ-83K gəmi əleyhinə raketlər, radiolokasiya əleyhinə raketlər, lazer tuşlamalı LS-500J idarə olunan və idarə olunmayan bombalarla silahlandırıla bilir.

750261336 1591074192517853 5627044894312164591 n

Əhəd Vahidoğlu

Back to top button