Çinin WS-15 mühərriki ilə təchiz edilən J-20A qırıcısının fotogörüntüsü yayılıb
Çinin yerli WS-15 mühərriki ilə təchiz edilən J-20A döyüş təyyarəsinin yeni fotogörüntüsü yayılıb.
“Poliqon” xəbər verir ki, sosial şəbəkərlədə yayılan fotogörüntüdə 2052 bort nömrəli J-20A qırıcısının iki ədəd WS-15 mühərriki ilə təchiz olunduğu görünür.
Qeyd edək ki, bundan əvvəl J-20 qırıcılarında Çin tərəfindən istehsal edilən WS-10 mühərrikləri istifadə olunurdu.
Beşinci nəsil döyüş təyyarəsi olan “Chengdu” J-20 Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin silahlanmasına 2017-ci ildə daxil olub. Təyyarə “Shenyang Aircraft” korporasiyası tərəfindən hazırlanıb və “Chengdu Aircraft Industry” zavodunda yığılıb. J-20 qırıcısının prototipinin ilk uçuşu 2011-ci ildə, rəsmi nümayişi isə 2016-cı ildə “Zhuhai Air Show” aviasiya sərgisində baş tutub.
Çin tərəfindən ABŞ-ın F-22 və F-35 qırıcılarına rəqib göstərilən J-20 döyüş təyyarələri 2022-ci ildə keçirilən “Zhuhai Air Show” zamanı ilk dəfə xalq qarşısında müxtəlif nümayiş uçuşları həyata keçirib.