ANTIDOT-2U/S elektron dəstək podunun sınaqları yerinə yetirilib
ASELSAN şirkətinin inkişaf etdirdiyi ANTIDOT-2U/S elektron dəstək (ED) podunun sınaqları yerinə yetirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilən ANTIDOT-2U/S podunun sınaqları uğurla icra olunub.
“Təhdid radarlarını anında aşkarlayan, onların istiqamətini və yerini dəqiqliklə tapan bu sistem milli texnologiyamızın səmada çatdığı oyun dəyişdirici səviyyəsinin göstəricisidir”, – deyə H.Görgün qeyd edib.
Xatırladaq ki, ASELSAN şirkəti yeni ANTIDOT-2U/S elektron dəstək podunu SAHA EXPO-2024 sərgisində təqdim edib. ANTIDOT-2U/S, düşmənin hava hücumundan müdafiə radarlarından yayılan siqnalları aşkarlayır, təsnifləndirir, qeyd edir və yerini müəyyənləşdirir. Daha sonra həmin radara dair məlumatlar PUA-nın rabitə xətti ilə dərhal Yer İdarəetmə Stansiyasına göndərilir. Taktiki dərəcəli PUA-lara asanlıqla inteqrasiya edilə bilən ANTIDOT-2U/S podu insan həyatını riskə atmadan elektromaqnit spektrində situasiya məlumatlılığını artırır və maddi baxımdan səmərəli əməliyyatlar təklif edir.