Cənubi Qafqaz dövlətləri Ukraynanın silah satışında – ANALİZ – EKSKLÜZİV

Son 10 ilin statistikası

“AzeriDefence.com” saytının Analiz Qrupu təqdim edir

Postsovet məkanının ən böyük silah və hərbi texnika istehsalçılarından olan Ukrayna ötən 10 ildə Cənubi Qafqaz regionunda yerləşən dövlətlərin silahlandırılmasında da yaxından iştirak edib. Region dövlətlərinin əsas hərbi-texniki tərəfdaşlarından olub. 2008-ci il – Gürcüstan-Rusiya müharibəsinədək rəsmi Tiflisin əsas tərəfdaşlarından olan Kiyev müharibədən sonra bu ölkə ilə hərbi-texniki əməkdaşlığında korrektələr edib. Azərbaycanla əməkdaşlıq isə yeni proqramlar çərçivəsində davam etdirilir. Ölkələr arasında qarşıdakı dövrdə həm yeni sifarişlər, həm də hərbi-sənaye sektorunda birgə layihələrlə inkişaf etdirilməsi gözlənilir.

BMT hesabatlarının təhlili göstərir ki, Ukraynanın Ermənistanla hərbi-texniki əməkdaşlığı və hərbi ticarət dövriyyəsi digər iki ölkə ilə müqayisədə çox zəifdir. Əsasən bir neçə təlim təyyarəsi və yüngül atıcı silahların satışı ilə məhdudlaşır. Rəsmi Kiyevin açıqlamalarından göründüyü qədər Ukrayna digər qonşu dövlətlərlə müqayisədə Ermənistanla əməkdaşlığa ehtiyatlı yanaşır.

BMT Adi Silah Registrinin son 10 ili əhatə edən hesabatlarının təhlili göstərir ki, 2001-2011-ci illərdə rəsmi Kiyev Cənubi Qafqaz regionu ölkələrinə həm ağır texnika, həm raket sistemləri, aviasiya vasitələri, həm də yüngül atıcı silahların ixracatını reallaşdırıb.

Aviasiya vasitələri

Ötən on ildə Ukrayna Cənubi Qafqaz ölkələrinin hər üçünə müxtəlif növ aviasiya vasitələrinin satışını reallaşdırıb. Ukrayna hökumətinin açıqladığı hesabata görə, hesabat dövründə rəsmi Kiyev imzalanmış müqavilələr çərçivəsində Azərbaycana 12 ədəd L-39, 16 ədəd MiG-29 (cəmi 28 ədəd), Gürcüstana 8 ədəd L-39, Ermənistana isə 6 ədəd L-39 tipli təlim təyyarəsi çatdırıb. Azərbaycan və Gürcüstana helikopterlərin satışı da həyata keçirilib. Qeyd olunan dövrdə Kiyev Azərbaycana 12 ədəd Mi-24 tipli döyüş helikopteri, Gürcüstana isə 7 ədəd Mi-24 tipli döyüş, 2 ədəd Mi-8MT tipli nəqliyyat helikopteri satıb.

Tank və zirehli texnika

2001-2011-ci illərdə Ukraynanın tank, PDM və zirehli nəqliyyat vasitələri satışında Azərbaycan və Gürcüstan mühüm yer tutub. Bu dövrdə Ukrayna əsas müştərilərindən olan Gürcüstana 91 ədəd, Azərbaycana isə 48 ədəd T-72 tankının, Gürcüstana 15 ədəd BMP-1, 40 ədəd BMP-2, Azərbaycana isə 2 ədəd BMP-1 markalı piyadaların döyüş maşınının çatdırılmasını həyata keçirib. Bundan başqa, hesabat dövründə Azərbaycana 150 ədəd BTR-70, 3 ədəd BTR-3U, 4 ədəd BTS-5B (cəmi 157 ədəd), Gürcüstana isə 23 ədəd BTR-80, 30 ədəd BTR-70, 6 ədəd BTS-5B (cəmi 59 ədəd) zirehli transportyorun satışı reallaşdırılıb. Satışda yer alan BTR-3U Ukraynanın 2000-ci illərdə hazırladığı və istehsal etdiyi transportyorlardır.

Artilleriya və raket sistemləri

Ukraynanın BMT-yə təqdim etdiyi hesabatlarında Azərbaycan və Gürcüstana artilleriya sistemlərinin satışı ilə bağlı məlumatlar da xüsusi yer tutur. Rəsmi Kiyevin açıqladığı statistik məlumatların təhlili zamanı bəlli olub ki, son 10 ildə Ukrayna Azərbaycana Azərbaycana 16 ədəd 2 S3 “Akasiya”, 54 ədəd 2S1 “Qvozdika” (cəmi 70 ədəd) özüyeriyən haubitsa, 12 ədəd 9A52 “Smerç” reaktiv atəş sistemi, 85 ədəd PM-38, 55 ədəd D-30A, 72 ədəd tipi açıqlanmayan haubitsa, Gürcüstana isə 12 ədəd 2S3 “Akasiya” sistemi satıb. Siyahıda digər artilleriya və raket sistemləri də yer alıb. Belə ki, qeyd olunan dövrdə Azərbaycana 3 ədəd “Toçka-U” raket buraxılış qurğusu, 64 ədəd R-27 raketi, 18 ədəd 9M36-1 “Strela” raketi, 10 ədəd 9P58M “Strela” buraxıcı qurğusu, 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, Gürcüstana isə 48 ədəd 9M33M3 OSA, 2 divizion BUK M1, 48 ədəd Buk raketi, 400 ədəd “Kombat” tipli tank əleyhinə idarə olunan raket satışına imza atıb.

Yüngül atıcı silahlar

Son 10 ildə təqdim olunmuş illik hesabatların təhlili göstərir ki, 2001-2011-ci illərdə Ukrayna hər üç Qafqaz ölkəsinə müxtəlif tipli yüngül atıcı silahların satışında mühüm yer tutub.

Maraqlı olmasını nəzərə alaraq, Ukraynanın Cənubi Qafqaz ölkələrinə satdığı yüngül atıcı silahların statistikasını təqdim edirik:

Tapança /revolver
Gürcüstan 3120 ədəd, Ermənistana 230 ədəd, Azərbaycana cəmi 1 ədəd.

Tüfəng və karabinlər
Gürcüstana 680 ədəd, Ermənistana 60 ədəd, Azərbaycana satış olmayıb.

Avtomat
Azərbaycana 19 min ədəd, Gürcüstana 17404 ədəd, Ermənistana 16500 ədəd.

Snayper tüfəngləri
Gürcüstana 1215 ədəd (100 ədəd SVD, 920 ədəd SKS, 195 ədəd SVT), Azərbaycana 50 ədəd SVD.

Pulemyot və yüngül pulemyot
Ermənistana 2501 ədəd, Gürcüstana 1140 ədəd (1080 ədəd RPK-74, 60 ədəd PKMS).

KATEQORIYA: