
“Czechoslovak Group” (CSG) şirkəti 19-20 sentyabr tarixlərində Çexiyanın Ostrava şəhərində keçiriləcək 26-cı NATO Günləri və 17-ci Çexiya Hərbi Hava Qüvvələri Günlərində geniş məhsul portfeli ilə iştirak edəcək.
“Poliqon” “Czechoslovak Group”a istinadən xəbər verir ki, CSG-nin birgə stendində “Tatra Defence”, “Retia”, “MSM Group”, “Excalibur International”, “AviaNera Technologies” və “Eldis” şirkətləri müdafiə və təhlükəsizlik sahəsində hazırladıqları ən yeni həlləri nümayiş etdirəcəklər.
Sərgi çərçivəsində “Tatra Defence” şirkəti “Tatra” şassisi üzərində hazırlanmış TITUS 6×6 zirehli avtomobilinin Çexiya Silahlı Qüvvələri üçün nəzərdə tutulan KOVVS M2 komanda-qərargah versiyasını təqdim edəcək. Şirkət, həmçinin “Pandur 8×8 EVO” təkərli piyada döyüş maşınını nümayiş etdirəcək. Bu maşının elektron sistemlərində süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə olunur.
“Retia” sərgidə ilk dəfə RSB21 ReSAURION ortamənzilli çoxməqsədli radarını nümayiş etdirəcək. Radar hava məkanının müşahidəsi, hava hədəflərinin aşkarlanması və təsnifatı, habelə atəşə nəzarət üçün nəzərdə tutulub. Sistem raketlərin uçuşun orta mərhələsində yönləndirilməsini dəstəkləyir və inteqrasiya edilmiş IFF sistemi ilə təchiz olunub.
“Excalibur International” isə hava təhdidlərinə qarşı mübarizə vasitələrini təqdim edəcək. Onların arasında “Tatra Force 6×6” şassisi üzərində yerləşdirilmiş iki ədəd 35 mm-lik topa malik KORKUT hava hücumundan müdafiə sistemi də olacaq. Sistem PUA, helikopter, təyyarə və qanadlı raketlərə qarşı mübarizə üçün nəzərdə tutulub.
Bundan əlavə, sərgidə MACE süzən sursatı və “Deep Strike” (DSU-1000T) pilotsuz uçuş aparatı nümayiş etdiriləcək. MACE sisteminin taktiki uçuş məsafəsi 140 km-ə, havada qalma müddətinin isə 110 dəqiqəyə qədərdir. DSU-1000T isə ən azı 1000 km məsafədəki hədəflərə zərbə endirmək üçün nəzərdə tutulub və 20 kq-lik çoxməqsədli döyüş başlığı daşıyır.
“MSM Group” sərgidə 120 və 105 mm-lik tank, 155 mm-lik artilleriya, 30 mm-lik orta çaplı, həmçinin 81 və 120 mm-lik minaatan sursatlarını nümayiş etdirəcək.
“Eldis” şirkəti yeni nəsil RL-3000 uzunmənzilli 3D radarı və PAR-NG dəqiq yanaşma radarını təqdim edəcək. RL-3000 hava hədəflərinin üçölçülü izlənməsi, PAR-NG isə mülki və hərbi hava limanlarında dəqiq yanaşmanın təmin edilməsi üçün nəzərdə tutulub.
“AviaNera Technologies” tərəfindən isə PUA-lar, idarə olunan raketlər və hədəf dronları üçün nəzərdə tutulmuş MTJ300 seriyalı kompakt reaktiv mühərrik nümayiş etdiriləcək.
Bununla yanaşı, tədbirin xüsusi tərəfdaşı olan “Tatra” şirkəti yeni nəsil “Tatra Force”, “Tatra 810M Tactic” və “Tatra Phoenix” ailələrinin müxtəlif avtomobillərini sərgiləyəcək.





