Danimarka “Carl-Gustaf M4” qumbaraatanı alır

Danimarka “Carl-Gustaf M4” qumbaraatanı alır

İsveçin “Saab” şirkəti Danimarka Müdafiə Nazirliyindən “Carl-Gustaf” çoxməqsədli daşınan qumbaraatanın M4 versiyası üçün sifariş alıb.

“Poliqon” “Saab” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu sifariş Danimarkanı qumbaraatanın M4 son versiyasının 15-ci alıcısı edib. Sifariş şərtlərinə uyğun olaraq, qumbaraatanların ilk partiyaları Danimarkaya 2022-ci ildə göndəriləcək.

Mətbuat xidmətinin məlumatına görə, “Saab” şirkətinin rəhbəri Gergen Johansson “Biz Danimarkaya “Carl-Gustaf M4” tədarük etməyə hazırıq. Danimarka Silahlı Qüvvələri ehtiyac olduqda ehtiyac duyduqları məmulatlara sahib olacaqlar”, – deyə bildirib.

Xatırladaq ki, 2014-cü ildə “Carl-Gustaf M4” buraxıldıqdan sonra “Saab” şirkəti bu qumbaraatanların tədarükü üçün on dörd ölkə ilə müqavilə imzalayıb.

“Carl-Gustaf M4” qumbaraatanı, İsveçin “Saab” şirkəti tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.

Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.

“Saab” şirkəti, “Carl-Gustaf” çoxməqsədli qumbaraatanlarının universal olduğunu vurğulayan tank əleyhinə, qəlpəli-fuqas, tüstüləyici və işıqlandırıcı qumbaralar daxil olmaqla on müxtəlif növ sursat istehsal edir. “Carl-Gustaf M4” qumbaraatanı tank əleyhinə, piyada əleyhinə və köməkçi qumbaralı atəş yığımları da daxil olmaqla, geniş diapazonda 84 mm çaplı döyüş sursatı atmağa qadirdir.

“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran raket sürətləndiricisi var.

“Carl-Gustaf” qumbaraatanının M4 versiyası geniş ictimaiyyətə ilk dəfə 2014-cü ilin 13-15 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən “AUSA Annual Meeting and Exposition-2014” (AUSA-2014) sərgisi zamanı təqdim edilib.

carl carl1 carl2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS