Danimarka Silahlı Qüvvələrinin müşahidə və peyk imkanları gücləndirilir

Danimarka Silahlı Qüvvələrinin müşahidə və peyk imkanları gücləndirilir

Danimarkada müdafiə sazişi üzrə tərəfdaş partiyalar Frederikshavnda iri hərbi gəmilərin inşası üçün fiziki şəraitin yaradılması barədə razılığa gəliblər.

“Poliqon” Danimarka Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, eyni zamanda, müşahidə və siqnal kəşfiyyatını gücləndirmək üçün də xüsusi vəsait ayrılacaq.

Bildirilib ki, Frederikshavnda iri hərbi gəmilərin inşasında istifadə olunacaq yeni fiziki infrastruktur yaradılacaq. Partiyalar həmçinin hərbi gəmilərin inşası ilə bağlı qərarın qəbul olunmasından əvvəl, müxtəlif inşaat və idarəetmə modellərinin vaxt, maliyyə və texniki risklərini qiymətləndirən əsaslı qərar bazasının hazırlanması barədə də razılaşıblar.

“Müharibə və gəmiqayırma sahəsində zəngin ənənələrə malik böyük dənizçilik ölkəsi olmağımıza baxmayaraq, bu gün Danimarkada iri hərbi dəniz güclərinin inşası və ya yığılması üçün istifadə oluna biləcək tərsanələr mövcud deyil. Buna görə də, Frederikshavnda iri hərbi gəmilərin inşası üçün belə bir şəraitin yaradılması barədə müdafiə sazişi tərəfdaşları razılığa gəlib. Bu, yazda razılaşdırdığımız donanma planı üzrə siyasi ambisiyanın davamıdır,” – deyə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen vurğulayıb.

Qeyd olunub ki, son illərdə təhlükəsizlik vəziyyəti xeyli dərəcədə ciddiləşdiyindən operativ və kəşfiyyat məlumatlarının gücləndirilməsinə ehtiyac yaranıb. Bu səbəbdən partiyalar müşahidə imkanlarının artırılması üçün istifadə olunacaq bir fond yaradılması barədə də razılığa gəliblər. Müşahidə fondu üçün 3,4 milyard Danimarka kronu (536 milyon ABŞ dolları) ayrılıb. Sözügedən fond müşahidə və peyk imkanlarının genişləndirilməsinə yönəldilə bilər.

Peyklərlə daha tez-tez və keyfiyyətli şəkildə aparılacaq coğrafi müşahidə Danimarka Silahlı Qüvvələrinin real vaxtda hadisələri aşkar etmək, müəyyənləşdirmək və onlara reaksiya vermək imkanlarını artıracaq. Bu müşahidə və peyk imkanları həm də geniş ictimai təhlükəsizliyə xidmət edə bilər. Məsələn, bu, ekoloji hadisələr, axtarış və xilasetmə əməliyyatları zamanı vəziyyətin daha aydın görünməsinə töhfə verə bilər.

“Dünya gündən-günə dəyişən təhlükəsizlik situasiyası ilə üzləşərkən, Silahlı Qüvvələrin bu dəyişikliklərə uyğunlaşma imkanı çox vacibdir. Gücləndirilmiş müşahidə və peyk imkanları təhdid və hadisələri aşkar etmək, tanımaq və onlara reaksiya vermək baxımından əsas rola malikdir,” – deyə T.L.Poulsen bildirib.

CATEGORIES