Daxili Qoşunların keçdiyi yol vətənpərvərlik və fədakarlıq nümunəsidir

Daxili Qoşunların keçdiyi yol vətənpərvərlik və fədakarlıq nümunəsidir

Artıq 32 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları zəngin xidmət təcrübəsi toplayaraq üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar xalqımızın təhlükəsizliyi və dövlətçiliyimizin qorunması naminə fədakar xidmətini davam etdirməkdədir.

Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların icrasına böyük məsuliyyətlə yanaşıb və ona göstərilən yüksək etimadı peşəkar xidməti-döyüş fəaliyyəti ilə doğrultmağa çalışıb. Yaradıldığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Daxili Qoşunların fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib, mövcud potensial daha da gücləndirilib, hərbi infrastruktur yenilənib, müasir tipli silahlar, texnikalar alınıb, şəxsi heyətin maddi təchizatı və sosial rifahı daha da yaxşılaşdırılıb.

Daxili Qoşunlar ötən müddətdə ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyaraq tarixləşib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə olaraq 1992-ci ilin mart ayının 12-də başlayıb.

Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onlardan 8 nəfəri bu fəxri adla ölümündən sonra təltif edilib. Kapitan Ənvər Arazov, baş leytenant  Elşad Yəhyayev, baş leytenant Mətləb Quliyev, baş leytenant Fəxrəddin Nəcəfov, baş leytenant Rövşən Abdullayev, çavuş İqor Makeyev, əsgər Səxavət Məhərrəmov və əsgər Ruslan Muradov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpası uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Müharibə sınaqlarından keçərək ağır yaralanmış və əlil olmuş Sahil Məmmədov isə bu gün istefada olan polis polkovnikidir.

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 681 nəfər həlаk оlub, 5 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlib, onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulub, geniş quruculuq işləri aparılıb, Daxili Qoşunların tərkibində Ali Hərbi Məktəb, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.

2002-ci ildə Daxili Qoşunların emblemi və döyüş bayrağı haqqında əsasnamələr, habelə onların təsvirləri təsdiq olunub. Hərbi qulluqçularımız təlim və məşğələlərdə öz döyüş qabiliyyətlərini yüksəldərək torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsinə hazırlaşıblar.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu – polkovnik Zəfər Yusibov, polkovnik Füzuli İmrəliyev, polkovnik-leytenant Nicad Bədəlov və mayor Şixamir Qaflanova (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və silahlanmış separatçılara ağır zərbələr vurulub. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində bölgədə erməni separatizminə son qoyulub. Antiterror tədbirlərində igidlik göstərən Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olub, 24 nəfər isə yaralanıb və xəsarət alıb.

Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib.

Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti kifayət qədər yüksəkdir.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızda polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli müxtəlif xidməti-döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.

mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru

CATEGORIES
TAGS