
Daxili Qoşunların komandanı hərbi andiçmə mərasimində iştirak edib
Avqustun 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.
Mərasim Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib.
Əsgərlər hərbi and içərək, Azərbaycanın mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Tədbirdə çıxış edən hərbi hissə komandiri polkovnik-leytenant Telman Həsənov əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycana sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyanın müvafiq maddələrinin tələblərini xatırladıb.
Sonra tədbirdə iştirak edən Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov hərbi andiçmə münasibətilə əsgərləri təbrik edib.
General-leytenant Ş.Məmmədov hərbi andın Azərbaycanın cəsur, sədaqətli vətəndaşı olmaq üçün əsgərlərin atdığı ilk addım olduğunu qeyd edərək, Vətənin taleyinin yalnız millətini, torpağını sevən, onun uğrunda canını hər an fəda etməyə hazır olanlara etibar edildiyini bildirib: “Qəlbinizdə, düşüncənizdə ancaq Vətənə namusla, ləyaqətlə xidmət etmək hissi olsun. Sizə həvalə olunmuş bütün vəzifələri uğurla yerinə yetirməyi, sıralarına daxil olduğunuz Daxili Qoşunların adını və nüfuzunu qorumağı, ucaltmağı arzu edirəm”.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.