“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında təşkil edilən “Dəniz kuboku” müsabiqəsinin başa çatması ilə əlaqədar avqustun 25-də Bakıda təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, hərbi attaşelər, iştirakçı dövlətlərin, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan və “Dəniz kuboku” haqqında videoçarx nümayiş etdirilib, qalibiyyət kuboku və “Dəniz kuboku” müsabiqəsində iştirak edən komandaların dövlət bayraqları meydana gətirilib.

Qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Yarışda bərabər xal toplayaraq birinciliyi paylaşan Azərbaycanın və Rusiyanın Dövlət Himnləri səsləndirilib.

Bildirilib ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsinə beşinci ildir ki, Azərbaycan ev sahibliyi edir. Ötən illərdə olduğu kimi, bu il də bu müsabiqənin şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı qeyd olunub. “Dəniz kuboku” müsabiqəsinin dostluq, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində keçdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiyanın hərbi dənizçiləri “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayıblar. Hərbçilərimiz “Dəniz kuboku” müsabiqəsində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Müsabiqənin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri 225 xal toplayaraq birinci, Qazaxıstan komandası 208 xalla ikinci, İran komandası isə 178 xalla üçüncü yerə layiq görülüb.

Poliqon.az

CATEGORIES