
Döyüşlərdə iştirak edən hərbçilərin maaşı artırılacaq
Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı anda döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 1,5 qat (variant – 2 qat. DTX) hesablanacaq.
“Poliqon” xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə, həmçinin, Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.
Yeni qanun layihəsində qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.
Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.
Hazırki qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
Azərbaycanda hərbi qulluqçuların təminat xərcliyinin gəlir vergisindən azad edilməsi də təklif olunub.
Qanun layihəsində qeyd olunub ki, hərbi qulluqçulara vaxtında ödənilməmiş pul vəsaiti hərbi qulluqçulara və ya onların vərəsələrinə veriləcək.
Azərbaycanda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinə dair tələblər də müəyyənləşir.
Qanun layihəsinə əsasən, həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvləri digər yaşayış sahəsi verilmədən yaşadıqları yaşayış sahələrindən, eləcə də yaşayış sahəsini almağa və ya yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçotundan çıxarıla bilməzlər və onların müvafiq icra hakimiyyəti orqanının müəyyət etdiyi orqanın müəyyən etdiyi qaydada xüsusi mülkiyyətdə olan yaşayış sahəsi almaq hüququ var.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə kirayəyə götürülmüş sahəsindən istifadə haqqına görə pul kompensasiyasını almaq hüququ vardır. Bu kompensasiya məbləğinin müəyyən edilməsində hərbi qulluqçu həlak olduqdan (vəfat etdikdən) sonra onun həmin nikahdan doğulmuş uşaqları da nəzərə alınır.
Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinin hərbi tibb müəssisələrində və digər müəssisələrdə güzəştli şərtlərlə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.
Yuxarıda göstərilən maddələr özü tərəfindən qəsdən törədilmiş cinayət, yaxud narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində vəfat edən hərbi qulluqçuların ailə üzvlərinə şamil edilmir.
Azərbaycanda əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinin və ya himayəsində olan digər şəxslərin də sosial müdafiəsi qaydası müəyyənləşir.
Layihəyə əsasən, Azərbaycan əsir və ya itkin düşmüş, girov götürülmüş hərbi qulluqçuların ailə üzvlərinə və ya himayəsində olan digər şəxslərə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş pul və ya digər təminatlar, onlar azad (aşkar) edilənədək və ya onların hərbi andı pozaraq Azərbaycan qanunvericiliyində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilənədək ödəniləcək.