DSA-2022: TUSAŞ hərbi aviasiya vasitələrini nümayiş etdirir

DSA-2022: TUSAŞ hərbi aviasiya vasitələrini nümayiş etdirir

Türkiyənin TUSAŞ şirkəti Malayziyada keçirilən DSA-2022 Asiya Müdafiə Xidmətləri sərgisi və konfransında hərbi aviasiya vasitələrini nümayiş etdirir.

TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, şirkətin stendində “Anka” pilotsuz uçuş aparatı (PUA) “Hürjet” təlim təyyarəsi və digər yerli aviasiya platforması modelləri sərgilənir. Bundan başqa, TUSAŞ şirkəti DSA-2022 sərgisi çərçivəsində aerostruktur imkanlarını da ziyarətçilərə tanıdır.

Bildirilib ki, 2021-ci ildə Malayziyada yeni ofisini açan TUSAŞ müdafiə sənayesi və aviasiya sahəsində Malayziya ilə yeni ortaq layihələr üçün səylərini artırır.

DSA-2022 sərgisində yüksək səviyyəli nümayəndələri ilə iştirak edən TUSAŞ Malayziyanın müdafiə sənayesi səlahiyyətliləri ilə yanaşı, müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirir və aerokosmik sənaye sahəsində yeni əməkdaşlıq layihələrini müzakirə edir.

DSA-2022 sərgisi ilə bağlı fikirlərini bölüşən TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bildirib ki, Asiya ölkələri arasında Malayziya texnologiya sahəsində əhəmiyyətini artırır: “Malayziyada yerləşən texnologiya mərkəzimizdə “Ar-Ge” fəaliyyətlərimizlə yanaşı, Malayziyalı mühəndis həmkarlarımızla iki ölkənin aviasiya və kosmos sənayesində potensialın artırılması üçün mühüm işlər həyata keçirmək niyyətindəyik. Malayziya ilə qısa müddət ərzində mühüm əməkdaşlığa imza atdıq. Qarşıdakı dövrdə də bu təşəbbüsləri davam etdirəcəyik.

Dünyanın yaxından izlədiyi Malayziyanın “Jet Trainer” tender prosesində “Hürjet” təlim təyyarəsi platformamızla iştirak edirik. Bu tender prosesinin nəticəsindən asılı olmayaraq, biz iki ölkə arasında aviasiya texnologiyalarının imkanlarının inkişafına töhfə verməyə davam etməyi hədəfləyirik”.

Qeyd edək ki, DSA-2022 Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı martın 28-31 tarixlərində Malayziyanın Kuala Lumpur şəhərində yerləşən Malayziya Beynəlxalq Ticarət və Sərgi Mərkəzində keçirilir.

Anka PUA

 “Anka” pilotsuz uçuş aparatı

HURJET

 “Hürjet” təlim təyyarəsi

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS