SƏRHƏDXəbərlər

DSX Akadеmiyasında gənc kursantların andiçmə mərasimi keçirilib

Oktyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Döyüş Bayrağı sıra meydanına gətirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsinə, müdafiə qüdrətinin artırılmasına və dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına xidmət etdiyini vurğulayıblar.

Dövlət Sərhəd Xidmətinin Akademiyasında yaradılmış müasir tədris şəraitinin, zəngin maddi-texniki bazanın və peşəkar hərbi-pedaqoji heyətin gələcək zabitlərin yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Gənc kursantlara hərbi təhsilin ilk günlərindən nizam-intizama, məsuliyyətə, bilik və bacarıqların davamlı artırılmasına xüsusi önəm verməyin vacibliyi xatırladılıb, onların gələcəkdə dövlət sərhədlərimizin mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Vurğulanıb ki, hərbi and Vətənə sədaqətin, dövlətçilik prinsiplərinə bağlılığın və xalq qarşısında mənəvi məsuliyyətin ən ali ifadələrindən biridir. Bu müqəddəs anda sadiq qalmaq, sərhədçi şərəfini daim uca tutmaq, peşəkarlıq və şəxsi nümunə göstərmək hər bir hərbi qulluqçunun əsas vəzifələrindəndir.

Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.

Gənc kursantların adından çıxış edən kursant şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli Zəfər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövlət maraqlarını ən yüksək səviyyədə qoruyacaqlarına söz verib.

Tədbir başa çatdıqdan sonra xatirə fotoşəkli çəkdirilib.

Back to top button