DSX-dan Xəzərdə genişmiqyaslı təlim – FOTO
SƏRHƏDÇİLƏR ƏMİN ETDİLƏRAzərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizində genişmiqyaslı taktik təlimlər keçirilib. DSX-nın mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, aprelin 12-dən 18-dək davam etmiş təlim “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindəki adalarda neft-qaz çıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının aparılması” mövzusunda olub. Döyüş atəşi ilə keçirilən taktik təlimlərə DSX Sahil Mühafizəsinin Sərhəd Gözətçi Gəmiləri, itisürətli kater və qayıqları, DSX Aviasiya Dəstəsinin helikopterləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin helikopterləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə gəmiləri cəlb olunub.
DSX rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qüvvə və vasitələrə sıra baxışının keçirilməsi ilə başlanmış təlimlər 3 mərhələdə keçirilib, təlimlərdə 9 taktiki epizod müvəffəqiyyətlə icra edilib. DSX Sahil Mühafizəsinin, Aviasiya Dəstəsinin qüvvə və vasitələrinin neft-qaz çıxarma rayonlarının, platformalarının, ixrac boru kəmərlərinm mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən xüsusi şəraitə keçirilməsi epizodu icra edildikdən sonra aşkar edilmiş şərti düşmənin terror-təxribat qrupu zərərsizləşdirilib. Şərti düşmənin terror-təxribat qrupunu dəstəkləyən hava hədəfi “İqla” tipli daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edilib. Sonra təyin edilmiş rayonda helikopterlər və gəmilər birgə sərhəd axtarışı keçirib, şərti düşmənin sualtı təxribat qrupu aşkarlanaraq məhv edilib.
Digər epizodlarda sorğuya cavab verməyən və hərəkətini davam etdirərək ərazidən uzaqlaşan gəminin dayandırılması, saxlanılmış gəmiyə gücləndirilmiş baxış qrupunun çıxarılması, xüsusi təlim keçmiş xidməti itlər və axtarış avadanlıqları vasitəsi ilə baxışın keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi, partlayıcı maddələrin və narkotik vasitələrin aşkar edilməsi elementləri uğurla icra olunub.
Saxlanılan gəmidə yanğın cəhdinin qarşısı FHN-in gəmi və helikopterləri tərəfindən alınıb, yaralanmış, suya düşmüş insanların xilas edilməsi və təxliyyəsi aparılıb.
Təlimdə zenit artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları keçirilib.
Ümumilikdə 1200 hərbi qulluqçunun iştirak etdiyi taktiki təlimlərə 21 gəmi, 20 iti sürətli kater və qayıq, 8 helikopter cəlb olunub.
Təlimlərdə yüksək döyüş hazırlığı nümayiş etdirilib. Qarşıya qoyulmuş vəzifələr, o cümlədən Xəzər dənizinin Azərbaycana məxsus bölməsində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və xilasetmə əməliyyatlarının aparılması zamanı DSX və FHN bölmələrinin qarşılıqlı idarə olunmasında təcrübənin, qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilib.
Təlimlərin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev yüksək peşəkarlıq göstərdiklərinə görə şəxsi heyətə təşəkkür elan edib.
DSX-dan bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində enerci ehtiyatlarının, neft və qaz yataqlarının, neft-qaz çıxarma platformalarının və sualtı ixrac boru kəmərlərinin qorunması, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində önəmli tədbirlər həyata keçirməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər arasında Xəzər dənizində taktiki təlimlərin keçirilməsi mühüm yer tutur. DSX-nin hissə və bölmələrinin dənizdə mümkün təhdidlərə qarşı birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkətlərinin işlənilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilən geniş miqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.