DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin beşinci ildönümündə İkinci Fəxri xiyabanı ziyarət edərək ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər, sonra şanlı qələbəmizə həsr edilmiş Zəfər parkında Zəfər abidəsi ziyarət edilib.
Dövlət Sərhəd Xidməti aparatında keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə olunmuş qələbənin tarixi əhəmiyyətindən, dövlət başçısının siyasi liderlik və sərkərdə məharətindən, qəhrəman hərbçilərimizin şücaətindən, xalqımızın səxavətindən danışılıb.
Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdiyi dövlət siyasəti nəticəsində şəhidlərimizin müqəddəs xatirəsinə hər zaman dərin ehtiram göstərilir, onların ailələri və qazilərimiz dövlətin, cəmiyyətin diqqət mərkəzində saxlanılır.
Tədbirin sonunda şəhidlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olacağı bir daha xüsusi vurğulanıb və şəxsi heyətə Vətən müharibəsindən bəhs edilən sənədli film nümayiş olunub.