Türkiyə İndoneziyaya KAAN döyüş təyyarələri tədarük edəcək – VİDEO

Türkiyə İndoneziyaya KAAN döyüş təyyarələri tədarük edəcək – VİDEO

Türkiyənin TUSAŞ şirkəti İndoneziya Hərbi Hava Qüvvələrinə 48 ədəd KAAN döyüş təyyarəsi tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, bunun bağlı Türkiyə və İndoneziya arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Türkiyədə istehsal olunacaq 48 ədəd KAAN qırıcısının istehsalında İndoneziyanın yerli imkanlarından da istifadə ediləcək.

Qeyd edək ki, bununla KAAN döyüş təyyarəsi ilk ixrac uğuruna imza atıb.

5-ci nəsil döyüş təyyarəsi olan KAAN Türkiyənin Milli Döyüş Təyyarəsi (MMU) proqramı çərçivəsində TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilib. Bu proqramın əsas məqsədi həm hərbi avaiasiya sahəsəində Türkiyənin xarici asılılığını azaltmaq, həm də Türkiyənin köhnəlməkdə olan F-16 təyyarələrini mərhələli şəkildə KAAN-la əvəzləməkdir.

Türkiyədə 5-ci nəsil milli döyüş təyyarəsinin hazırlanması ilə bağlı fikirlər daha əvvələ dayansa da, bu layihənin həyata keçirilməsi üçün qəti addım 2016-cı ildə atılmışdır. Belə ki, 2016-cı ilin avqust ayında Türkiyənin Müdafiə Sənayesi Başqanlığı ilə TUSAŞ şirkəti arasında KAAN döyüş təyyarəsinin inkişaf etdirilməsinə dair müqavilə imzalanmışdır.

Daha sonra 2017-ci ildə TUSAŞ və Böyük Britaniyanın “BAE Systems” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır ki, bununla da “BAE Systems” KAAN-ın hazırlanmasında TUSAŞ-a bir növ konsaltinq xidməti göstərmişdir.

Eyni zamanda, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də KAAN-ın inkişaf etdirilməsinə dair TUSAŞ şirkəti ilə birgə əməkdaşlıq göstərir. Bunun üçün 2023-cü  ildə Türkiyədə keçirilmiş IDEF-2023 sərgisi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və TUSAŞ şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb.

4 illik inkişaf prosesinin ardından TUSAŞ şirkəti Türkiyədə keçirilmiş IDEF-2021 sərgisində ilk dəfə olaraq KAAN milli döyüş təyyarəsini təqdim etmişdir. Həmin vaxt təyyarənin ilk uçuşunu 2023-cü ilin 18 martında həyata keçirəcəyi bildirilsə də, bu baş tutmamış və qeyd olunan tarixdə KAAN anqardan çıxarılmışdır.

Bunun əvəzində KAAN döyüş təyyərəsi ilk uçuşunu bir il sonra – 2024-cü ilin 21 fevralında yerinə yetirmişdir. Türkiyə HHQ-yə məxsus F-16 qırıcısının müşayiəti ilə baş tutan ilk uçuşunda 13 dəqiqə havada qalan KAAN 8000 fut hündürlükdə 230 knot (425 km/s) sürətlə uçmuşdur. 2024-cü ilin may ayında təyyarənin ikinci uçuş sınağı həyata keçirilmiş və bu vaxt KAAN 14 dəqiqə havada qalmış, 10 min fut yüksəkliyə qalxmışdır. Bu ilin noyabr ayında KAAN-ın iki mühhəriklə birlikdə “after burner” sınağı yerinə yetirilmişdir.

Hazırda inkişaf prosesi davam etdirilən KAAN-ın 2-ci və 3-cü prototipi də istehsal olunmaqdadır. Ümumilikdə döyüş təyyarəsinin 6 prototipinin istehsal olunması və onlarla müxtəlif sınaqların həyata keçirilməsi planlaşdırılıb. Bütün bu sınaqlar bitdikdən sonra onun seriyalı istehsalına başlanacaq və TUSAŞ şirkəti tərəfindən 2028-ci ildə Türkiyə HHQ-yə 20 ədəd KAAN döyüş təyyarəsi təhvil veriləcək. Blok 10 versiyasında olacaq bu təyyarələr F-35-in alt və F-16-nın yuxarı seqmenti olacaq. 5-ci nəsil KAAN-lar isə 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkına daxil ediləcək.

Ümumilikdə KAAN döyüş təyyarələrinin 2070-ci illərə qədər Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının aviasiya parkında olması nəzərdə tutulur.

İnkişaf mərhələsində olmasına baxmayaraq, artıq KAAN döyüş təyyarəsinə xarici dövlətlər tərəfindən də maraq göstərilir. Azərbaycan və Ukrayna KAAN-a maraq göstərən ölkələrdəndir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin bu döyüş təyyarəsinin inkişaf etdirilməsi istiqamətində TUSAŞ-la əməkdaşlıq göstərməsi gələcəkdə onları əldə etmək ehtimallarını da artır. Həmçinin 5-ci nəsil döyüş təyyarəsinə sahib olmaq istəyən Ukraynanın da gələcəkdə KAAN satın almaq ehtimalları yüksək qiymətləndirilir.

CATEGORIES
TAGS