DSX-də “Əsgərə məktub” layihəsi üzrə tədbir keçirilib
Sentyabr ayının 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bazasında “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi ilə “Əsgərə məktub” layihəsi üzrə tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, tədbirdən öncə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin nümayəndələri Sahil Mühafizəsinin Heydər Əliyev ideoloji mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanışlıqdan sonra Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, Vətən müharibəsində şəhid olan Azərbaycan sərhədçilərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə çıxış edənlər Azərbaycanın sərhədlərinin etibarlı mühafizəsini və müdafiəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi-vətənpərvərlik tərbiyyəsinin mühüm yer tutduğu vurğulanıb və bu istiqamətdə mütəmadi olaraq müxtəlif tədbirlərin həyata keçirilməsi qeyd olunub. Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidməti və ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən hərbi-vətənpərvərlik tədbirlərinin xüsusi yer tutması bildirilib.
“Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar matroslara çatdırılıb.
ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyinin “Əsgərə məktub” layihəsi iştirakçıları Sahil Mühafizəsinin bazasında Sərhəd gözətçi gəmiləri, Gəmi Təmiri Zavodu, Tədris Mərkəzi, Komanda İdarəetmə Mərkəzi və Sahil Mühafizəsinin Muzeyi ilə tanışlıqdan sonra DSX-nin Kinoloji Mərkəzində sərhədçi kinoloq-mütəxəssislərinin xidməti itlərlə nümunəvi çıxışlarını izləyib.
Sonda ASAN Könüllüləri matroslarla nahar edib və xatirə şəkilləri çəkdirib.