
DSX-də xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbçi təltif edilib
Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun təltif olunması ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) aparatında tədbir keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, xalqımızın zəngin milli-mənəvi dəyərlərini yaşadan, qədim tarixə malik Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılıb, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, sərhədçilərin peşəkarlığı, operativliyi və xidmətdə göstərdikləri şücaət dövlətin sabitliyinin təmin olunmasında mühüm rol oynayır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə edib.
Təltif edilən heyət göstərilən etimada, diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, bundan sonra da xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edəcəklərinə, Vətən qarşısında öz borclarlarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Tədbirin sonunda hərbi qulluqçular “Siyasi Repressiya Qurbanları Muzeyi” və Zəfər Muzeyini ziyarət ediblər.




















