DSX-nin rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət edib

DSX-nin rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət edib

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, müasir Azərbaycan dövlətçiliyinin və ən yeni tarixinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.

Anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olublar.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açaraq, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar.

Dövlət idarəçiliyində və böyük siyasətdə hər zaman mənsub olduğu xalqına arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Ulu Öndərin təməlini qoyduğu ölkəmizin sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, xalqın tarixi hədəflərinə qovuşması, Vətən müharibəsində Böyük Zəfərin əldə olunması və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi xüsusi qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələrində və hərbi hissələrində Dahi Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə, Vətən Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş “11-ci Qarabağnamə” sənədli filmi nümayiş etdirilib.

Poliqon.az

CATEGORIES