DSX-nin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

DSX-nin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yaddaşlara həkk olunmuş 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, yanvarın ayının 20-də general-polkovnik Elçin Quliyevin başçılığı ilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə güllər düzüblər.

Dövlət Sərhəd Xidmətinin aparatında davam edən anım tədbirində iştirakçılar öncə faciənin 33-cü ildönümü münasibətilə hazırlanmış fotosərgiyə baxış keçirib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 33 il əvvəl Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində Azərbaycan xalqının azadlığı, suverenliyi uğrunda vətən fədailərinin canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilib.

Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, Azərbaycan xalqının başına gətirilən müsibəti dünyaya çatdırdığı vurğulanıb.

Bu gün ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğu, onların qanlarının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində 30 illik torpaq həsrətinə son qoyularaq Azərbaycan ərazilərinin erməni işğalından azad edildiyi, dəmir yumruğun düşməni darmadağın etməsi qeyd olunub.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidliyin zirvəsi” sənədli filmi nümayiş etdirilib.

2 5 3 5 4 4 5 5

Poliqon.az

CATEGORIES