DSX Sərhəd Nəzarəti Komandanlığına media-tur təşkil olunub – REPORTAJ
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığına media-tur təşkil olunub.
“Poliqon” xəbər verir ki, media-tur zamanı əvvəlcə DSX Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev Sərhəd Nəzarəti Komandanlığının yaranma tarixi və keçdiyi xidməti-döyüş yolu haqqında jurnalistlərə məlumat verib.
General-leytenant E.Verdiyev bildirib ki, Milli parlament 1919-cu il avqustun 18-də ölkə ərazisində 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul edib: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra sərhəd mühafizəsinin yenidən təşkili və sərhəd təhlükəsizliyinin təmin edilməsi müasir tariximizin yaradıcısı və memarı Ulu Öndərin fəaliyyətinin təzahürüdür.
Ulu Öndər Naxçıvan MR Ali Məclisinin sədri olduğu dövrdə bölgəni blokada şəraitindən azad etmək məqsədi ilə Türkiyəyə səfərindən sonra kommunikasiya, nəqliyyat və digər sahələrdə faydalı əməkdaşlığın əsasını qoymuşdur. “Ümid Körpüsü” adlandırılan Sədərək-Dilucu körpüsü inşa edilərək 28 may 1992-ci ildən Azərbaycan ilə Türkiyə arasında “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başlamışdır.
Başlanılmış işlərin davamı olaraq, 1992-ci ilin iyun ayının 16-da “Yalama” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ilə şimal sərhədlərinin yenidən mühafizə edilməsi sahəsində ilkin addımlar atılmışdır. Yeni sərhəd buraxılış məntəqələrinin yaradılması ilə sərhədlərimiz nəzarətə götürülmüşdür. Həmin ərəfədə “Samur körpüsü”nə hücüm edərək sərhəd postunu dağıtmağa cəhd göstərən təxribatçı qrupların qarşısı sərhədçilərimiz tərəfindən qətiyyətlə alınmışdır. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq bu kimi hallar sonrakı dövrlərdə də baş vermiş, lakin dövlət sərhədindən buraxılış məntəqələrinin təcrübəli və hazırlıqlı şəxsi heyəti yerli əhali ilə heç bir münaqişəyə girmədən sərhəddə sabitlik yaratmağa nail olmuşdurlar”.
Sərhəd Nəzarəti Komandanlığının rəisi qeyd edib ki, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tələblərə cavab verən yeni buraxılış məntəqələrinin tikintisi Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.
“Cənab Ali Baş Komandan 2010-2011-ci illərdə yenidən inşa edilmiş «Samur», «Qırmızı Körpü» və «Astara» dövlət sərhədindən buraxılış məntəqələrinin açılış mərasimində iştirak etmiş, sərhədçilər üçün yaradılmış şəraitlə və maddi-texniki baza ilə tanış olmuşdur.
Dövlət sərhədindən hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin artmasını nəzərə alaraq, etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə cənab Ali Baş Komandanın 5 iyun 2017-ci il tarixli müvafiq Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığı yaradılmışdır”, – deyə Elşən Verdiyev vurğulayıb.
Onun sözlərinə görə, Sərhəd Nəzarəti Komandanlığının əsas vəzifələri dövlət sərhədindən buraxılış məntəqələrindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sərhədindən buraxılışı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınmasından ibarətdir.
Dövlət sərhədindən buraxılış məntəqələrinin şöbə və bölmələrinin xidməti fəaliyyəti müasir tələblərə cavab verən ümumi sahəsi 1000 kvadrat metrdən ibarət olan 5 mərtəbəli inzibati binada yerləşən Sərhəd Nəzarəti Komandanlığı tərəfindən idarə edilir. Dövlət sərhədindən buraxılış məntəqələrində şöbə və bölmələrin xidmətinin təşkili və aparılmasına nəzarətin təmin edilməsi Sərhəd Nəzarəti komandanlığında yaradılmış müasir tələblərə cavab verən videomüşahidə sistemləri vasitəsilə fasiləsiz olaraq həyata keçirilir.
Sərhəd Nəzarəti Komandanlığının əsasını qərargah və bütün dövlət sərhədindən buraxılış məntəqələrində xidmət edən şöbə və bölmələr təşkil edir. Dövlət sərhədlərində mövcud olan 40 dövlət sərhədindən buraxılış məntəqəsinə 16 avtomobil və piyada yolu, 10 dəniz limanı, 9 beynəlxalq hava limanı, 5 dəmir yolu daxildir.
Dövlət sərhədindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin artımını nəzərə alaraq müasir tələblərə uyğun dövlət sərhədindən buraxılış məntəqələri inşa edilərək sərhəd infrastrukturu yaradıldığını bildirən Sərhəd Nəzarəti Komandanlığının rəisi, vətəndaşlara göstərilən xidmət barəsində danışıb: “Vətəndaş məmnuniyyətinin təmin edilməsi, mümkün problemlər barədə operativ məlumatların əldə olunması və vaxtında aradan qaldırılması məqsədilə Sərhəd Nəzarəti Komandanlığında yaradılmış 16-58 nömrəli qaynar xətdə 100 mindən artıq vətəndaş müraciəti daxil olmuş və müvafiq qaydada cavablandırılmışdır.
Sərhəd Nəzarəti Komandanlığında xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığı və hərbi qulluqçuların xarici dil səviyyəsinin təkmilləşdirlməsi ilə əlaqədar DSX Akademiyasında və Sərhəd Nəzarəti Komandanlığının nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində mütəmadi olaraq kurslar təşkil olunur”.
General-leytenant Elşən Verdiyev DSX Sərhəd Nəzarəti Komandanlığının hərbi qulluqçularının Vətən müharibəsində keçdiyi döyüş yolundan da bəhs edib.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması uğrunda gedən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığından 152 hərbi qulluqçu iştirak etmişdir. Bu döyüşlərdə Sərhəd Nəzarəti Komandanlığının 2 hərbi qulluqçusu şəhid olmuş, 7 hərbi qulluqçusu isə yaralanmışdır. Döyüşlər zamanı Sərhəd Nəzarəti Komandanlığının hərbi qulluqçusu ifası ilə “Dastanlar” yazan, “Xudayar təsnifi” ilə tarixə düşən kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlu 21 oktyabr 2020-ci ildə Zəngilan şəhəri uğrunda döyüşlərdə düşmənin əks-hücumunun qarşısını alarkən şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Digər hərbi qulluqçumuz kiçik gizir Qasımov Xalid Rafik oğlu 12 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş və ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirmiş hərbi qulluqçularımız ölkə başçısı tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur. Hazırda Sərhəd Nəzarəti Komandanlığında Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçular xidmətlərini davam etdirir”.
Sərhəd Nəzarəti Komandanlığının rəisi Vətən müharibəsində qazanılan zəfərdən sonra görülən işlərdən danışıb. O bildirib ki, tarixi zəfərimizdən sonra ölkəmizin əsas strateji hədəfləri Gorus-Qafan avtomobil yolunun Azərbaycan Respublikasına düşən hissəsinin və “Laçın yolu”nun nəzarətə götürülməsindən ibarət olub: “Bununla bağlı 12 sentyabr 2021-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədində Qubadlı rayonunun Eyvazlı kəndində “Eyvazlı” və 12 noyabr 2021-ci il tarixdə isə Zəngilan rayonunun Qazançı kəndində “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamaqla etibarlı sərhəd nəzarətinin təşkili təmin olunmuşdur.
Ölkəmizin suveren hüquqlarının və ərazi bütövlüyünün tam təmini məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin aprel ayının 23-də həyata keçirilən tədbirlər nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd Nəzarəti Komandanlığı xidməti fəaliyyətə başladı. Qarşıya qoyulmuş tapşırıqların, əmr və göstərişlərin icrası təmin olundu.
Vətən müharibəsindən sonra Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarında sərhəd infrastrukturu yaradılaraq istismara verilmişdir. Hazırda “Laçın” beynəlxalq hava limanının və “Ağbənd” dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi davam etdirilir, “Xudafərin” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması isə nəzərdə tutulmuşdur”.
O bildirib ki, dövlət sərhədindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin sürətli və elektron qaydada rəsmiləşdirilməsini təmin etmək məqsədilə bütün dövlət sərhədindən buraxılış məntəqələrində “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi”nin (İAMAS) stasionar və səyyar iş yerləri quraşdırılıb.
“Hazırda sistemə qoşulan aidiyyəti dövlət qurumlarının səlahiyyətləri çərçivəsində məlumatların elektron qaydada sistemə ötürülməsi və elektron sorğu əsasında sistemdən alınması təmin edilir.
Əsas fəaliyyət sahələrimizdən biri də dövlət sərhədindən buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrində radioaktiv maddələrin aşkar edilməsi məqsədilə bütün dövlət sərhədindən buraxılış məntəqələrində stasionar və səyyar radiasiya aşkarlanma avadanlıqları quraşdırılmışdır.
Sərhəd Nəzarəti Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hal-hazıradək: axtarışda olan 26 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil veril-miş, ümumilikdə 86 123 əməliyyat tapşırığı yerinə yetirilmişdir; 2296 halda saxta və 178 halda özgəsinə məxsus sənədlərlə keçməyə və 19 halda gizli şəkildə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmışdır; dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilmişdir; müxtəlif səbəblərdən arzuolunmaz şəxs qismində 2106 əcnəbi ölkə ərazisinə buraxılmamışdır.
Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 3599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil etmiş, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kq 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmışdır”, – deyə general-leytenant E.Verdiyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər və idman yarışları, eləcə də, digər mötəbər tədbirlər ilə əlaqədar ölkəyə gələn qonaqların qanuna müvafiq qaydada rəsmiləşdirilməsi təmin edilib: “Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfran-sının ölkəmizdə keçiriləcək 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar ölkəmizə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidini təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunmuş, zəruri tədbirlər görülmüş və bütün tapşırıqlar tam olaraq icra edilmişdir.
Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Komandalığı nüfuzlu beynəlxalq tədbirlə əlaqədar texniki tərəqqi tətbiq olunmaqla sənədlərinin operativ yoxlanışını, qarşıya qoyulan tapşırıqları və üzərinə düşən vəzifələri yüksək səviyyədə icrasını təmin edəcək, gələn qonaqlarda xoş təəssüratın yaradılmasına nail olunacaqdır”.
Daha sonra Dövlət Sərhəd Xidmətinin və Sərhəd Nəzarəti Komandanlığının fəaliyyətindən, döyüş yolundan və nailiyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Ardınca media nümayəndələri Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının inzibati binasındakı videomüşahidə və qaynar xətt mərkəzi, kurslara cəlb olunmuş heyət üçün tədris sinifləri, konfrans zalı, idman zalı, yeməkxana, xidməti və istirahət otaqları ilə tanış olublar.
Jurnalistlər və hərbi ekspertlər tərəfindən Sərhəd Nəzarəti Komandanlığının istifadəsindəki sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusuna, səyyar radiasiya aşkar etmə avadanlığına, xidmətin təşkili zamanı istifadə olunan avtomobil texnikasına, xüsusi avadanlıqlara və cihazlara baxış keçirilib. Daha sonra dövlət sərhədindən buraxılış məntəqələrində narkotik vasitələrin və partlayıcı maddələrin aşkar olunması üçün xüsusi hazırlanmış xidməti itlərin fəaliyyəti izlənilib.
Həmçinin media nümayəndələri DSX Sərhəd Nəzarəti Komandanlığının Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı fəaliyyəti ilə tanış olublar, ölkəyə giriş-çıxış edən şəxslərin qeydiyyatlarının aparılması və pasportlara nəzarət olunması prosesini izləyiblər.
Media-turun sonunda xatirə fotosu çəkdirilib.