DSX və DQİDK-nin birgə seminarı keçirilib

DSX və DQİDK-nin birgə seminarı keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq sentyabr ayının 28-də DSX-nin Sərhəd Nəzarətində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda növbəti seminar keçirilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışmış, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparıldığı, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunmasının vacibliyi, eyni zamanda dini radikalizmin fəsadları barədə geniş məlumat verib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın multikulturalizm,tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkədə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi,hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir Yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.

Seminarda ölkədəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Dəmir yumruq” sənədli filmi şəxsi heyətə nümayiş etdirilib.

Poliqon.az

CATEGORIES