SƏRHƏDXəbərlər

DSX Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib – VİDEO

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yubiley mərasiminin Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığı vurğulanıb, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsinin, sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin hər bir sərhədçi üçün ali vəzifə, şərəf məsələsi olduğu bildirilib.

Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhəd mühafizəsi orqanlarının kadr potensialının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğının nəticəsi olaraq Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırıldığı qeyd edilib. Xüsusi Məktəbin fəaliyyətə başlamasının hərbi təhsilin ardıcıllığının təmin edilməsində, yüksək intellektual potensiala, möhkəm hərbi intizama və vətənpərvərlik ruhuna malik milli sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Xüsusi Məktəbin yaradılmasında, formalaşmasında və inkişafında müstəsna xidmətləri xüsusi minnətdarlıq hissi ilə qeyd edilmişdir.

Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı şəkildə yenidən qurularaq müasir tədris avadanlıqları ilə təchiz olunmuş Xüsusi Məktəbin açılışını şəxsən xanım Mehriban Əliyeva edib. Ötən 15 il ərzində məktəbin fəaliyyətinə göstərdiyi davamlı diqqət və qayğı, kursantların yüksək səviyyədə təhsil almaları, mənəvi və fiziki cəhətdən sağlam, Vətənə və dövlətə sədaqətli şəxsiyyətlər kimi formalaşmaları üçün yaradılan şərait təhsil müəssisəsinin inkişafında mühüm rol oynayıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq tapşırıqlarına uyğun olaraq kursantların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların hərbi intizam və yüksək mənəvi keyfiyyətlər əsasında yetişdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib, DSX rəisinin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Qeyd olunub ki, ötən müddət ərzində Xüsusi Məktəb ölkəmizin nüfuzlu təhsil müəssisələrindən birinə çevrilib, burada kursantların hərtərəfli inkişafı, onların ümumtəhsil fənləri üzrə yüksək biliklərə, ilkin hərbi hazırlıq vərdişlərinə yiyələnməsi, fiziki və mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Tədbirin sonunda Xüsusi Məktəbin şəxsi heyəti ilə xatirə fotoşəkilləri çəkdirilib.

Back to top button