
“Dubai Airshow 2025”: MİRAS xarici müştəri bazarını genişləndirməyi hədəfləyir
Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilk dəfə “Dubai Airshow 2025” aviasiya sərgisində stendlə təmsil olunur.
“Poliqon”un məlumatına görə, bu mötəbər tədbirdə Azərbaycandan stendlə iştirak edən yeganə qurum məhz MİRAS şirkətidir.
Sərgidə MİRAS müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalara əsaslanan servis, inteqrasiya, texniki qulluq və təmir xidmətləri üzrə imkanlarını təqdim edir.
“Dubai Airshow 2025” çərçivəsində MİRAS şirkətinin nümayəndəsi “Poliqon”a açıqlama verib.
O bildirib ki, MİRAS “Dubai Airshow” sərgisində ilk dəfə stendlə iştirak etsə də, təqdim olunan xidmətlər böyük maraq doğurur: “Məhsullarımız əsasən texniki xidmət, servis xidməti, silah və hərbi texnikanın təmiri və modernləşdirilməsindən ibarətdir. MİRAS olaraq həm Quru Qoşunları, həm Hərbi Dəniz Qüvvələri, həm də Hərbi Hava Qüvvələrinin maraqlarına uyğun həllər təklif edirik. Bununla yanaşı, xidmətlərimizi xarici müştərilərə də təqdim edirik”.
Onun sözlərinə görə, MİRAS-ın stendi həm dizaynı, həm də yerləşmə nöqtəsi baxımından digər iştirakçılardan fərqlənir.
Şirkət nümayəndəsi qeyd edib ki, MİRAS-ın məqsədi təkcə “Dubai Airshow”da deyil, digər beynəlxalq tədbirlərdə də xarici tərəfdaş şəbəkəsini genişləndirməkdir: “Sərginin ilk saatlarından etibarən xarici müştərilər stendimizə yaxınlaşaraq xidmətlərimizlə yaxından maraqlanıblar və biz onların suallarını cavablandırmışıq. Ümid edirik ki, MİRAS-a olan bu maraq sərgi müddətində daha da artacaq”.
Nümayəndənin bildirdiyinə görə, sərginin ikinci günü olmasına baxmayaraq, “Dubai Airshow” MİRAS üçün çox məhsuldar keçir: “Artıq bir neçə xarici şirkət və qurumların nümayəndə heyəti ilə görüşlər keçirmişik. Əsas hədəfimiz müştəri bazasını genişləndirmək və xidmətlərimizi daha geniş regionlarda təqdim etməkdir”.


