Dünya ölkələrinin hərbi xərcləri ilk dəfə 2 trilyon dolları keçib

Dünya ölkələrinin hərbi xərcləri ilk dəfə 2 trilyon dolları keçib

Tədqiqatçıların hesablamalarına görə, 2021-ci ildə dünya üzrə ümumi hərbi xərclər 0,7% artaraq 2 trilyon ABŞ dollarını ötüb. Ümumilikdə keçən il bütün dünya ölkələri öz hərbi təhlükəsizliyini təmin etməkdən ötrü təxminən 2 trilyon 113 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib.

“Poliqon” xəbər verir ki, dünya ölkələrinin hərbi xərcləri haqqında məlumatlar Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) yeni reytinqində əks olunub.

Hərbi xərclərin 75%-i ABŞ, Çin, Hindistan, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Yaponiya və Cənubi Koreyanın payına düşüb. Bu ölkələr 2021-ci ildə müdafiəyə təxminən 1,578 milyard ABŞ dolları xərcləyib. Belə ki, 2021-ci il üçün ən böyük hərbi büdcənin ilk beşliyinə ABŞ ($801,0 mlrd, -1,4%), Çin ($293,0 mlrd, +4,7%), Hindistan ($76,6 mlrd, +0,9%), Böyük Britaniya ($68,4 mlrd, +3,0%) və Rusiya ($65,9 mlrd, +2,9%) daxildir.

2021-ci ildə ABŞ-ın hərbi xərcləri 2020-ci ilə nisbətən 1,4% azalaraq 801 milyard ABŞ dolları təşkil edib. ABŞ-ın hərbi yükü 2020-ci ildə ÜDM-in 3,7%-dən, 2021-ci ildə 3,5%-ə qədər bir qədər azalıb. Ümumilikdə ABŞ-ın müdafiə xərcləri dünyanın təxminən 39%-ni təşkil edir. 2012-ci ildən bəri onlarda silah alışı azalıb (-6,4%), daha çox vəsait hərbi tədqiqat və inkişafa (elmi-tədqiqat konstruktor işlərinə) yönəldilib (+24%).

Çində 2021-ci ildə orduya 293,0 milyard ABŞ dolları xərclənib ki, bu da 2020-ci illə müqayisədə 4,7% çoxdur. Çinin hərbi xərcləri 27 ildir ki, artmaqdadır. Bu da Asiya-Sakit okean regionunun aparıcı ölkələrini hərbi xərclərini artırmağa sövq edir. Xüsusilə, Yaponiya 2021-ci ildə hərbi xərclərini 7,0 milyard ABŞ dolları (+7,3%) artıraraq 54,1 milyard ABŞ dollarına çatdırıb ki, bu da 1972-ci ildən bəri ən yüksək illik artımdır. Avstraliyanın xərcləri də 4,0% artaraq 31,8 milyard ABŞ dollarına çatıb.

Rusiya 2021-ci ildə hərbi xərclərini 2,9% artıraraq 65,9 milyard ABŞ dollarına çatdırıb. Bu artım ardıcıl 3-cü ildir və 2021-ci ildə Rusiyanın hərbi xərcləri ÜDM-in 4,1%-nə çatıb. Artım həm əməliyyat xərcləri hesabına, həm də il ərzində qoşun qruplaşmalarının Ukrayna ilə sərhəddə cəmləşməsi fonunda silah alışında artımla müşahidə olunub.

2014-cü ildən 2021-ci ilə qədər Ukraynanın hərbi xərcləri 72% artıb. 2021-ci ildə xərclər 8,5% azalaraq 5,9 milyard ABŞ dollarına çatsa da, yenə də ölkənin ÜDM-nin 3,2%-ni təşkil edib.

Almaniya 2021-ci ildə silahlı qüvvələrinə 56 milyard ABŞ dolları və ya öz ÜDM-inin 1,3 faizini xərcləyib. Hərbi xərclər inflyasiya ilə əlaqədar 2020-ci illə müqayisədə 1,4 faiz aşağı olub.

Bundan başqa, 2021-ci ildə səkkiz NATO üzvünün ÜDM-in 2%-ni müdafiəyə ayırmaq məqsədinə çatması qlobal hərbi xərclərin artmasında rol oynayıb.

2021-ci ildə qonşu İranın hərbi büdcəsi son dörd il ərzində ilk dəfə olaraq 24,6 milyard ABŞ dollarınadək yüksəlib.

Azərbaycan ÜDM-də hərbi xərclərin payı ən çox olan ölkələrin siyahısında beşinci yerdədir. 2021-ci ildə Azərbaycanın ÜDM-də hərbi xərcləri 5,3% təşkil edib və müdafiə xərcləri üçün 2,6 milyard ABŞ dolları vəsait ayrılıb. Bu baxımdan, birinci yeri Oman – 7,3%, ikinci yeri Küveyt – 6,7%, üçüncü yeri Səudiyyə Ərəbistanı – 6,6% və dördüncü yeri Əlcəzair – 5,6% tutur. ÜDM-in 5,2 faizini hərbi məqsədlər üçün ayıran İsrail bu siyahıda altıncı yerdədir. Ermənistan isə ÜDM-in 4,4 faizini hərbi xərclərə yönəltməklə doqquzuncu yerdə qərarlaşıb. Ermənistan qeyd olunan dövrdə müdafiə üçün 600,8 milyon ABŞ dolları ayırıb. Eyni dövrdə Gürcüstanın hərbi xərcləri ÜDM-nin cəmi 1,7%-ni təşkil etməklə 287 milyon ABŞ dolları olub.

d1 2

2021-ci ildə müdafiə xərclərinin ən çox olduğu 10 ölkə.

d2 2

ÜDM-in %-i kimi ən yüksək müdafiə xərclərinə malik ölkələr.

d3 2

2012 və 2021-ci illər arasında dünyanın Top-15 ölkəsinin müdafiə xərclərindəki dəyişikliklər.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS