
EFES-2026 çoxmillətli birgə təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə icra edilən gündüz fəaliyyətləri izlənilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, İzmirin Doğanbey Təlim Bölgəsində keçirilən təlim gecə atışlarından sonra gündüz əməliyyatları ilə davam etdirilib. Ssenariyə uyğun olaraq müxtəlif döyüş və koordinasiya tapşırıqları icra edilib.
Təlimi Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Çikovani, Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez və yüksək rütbəli komandir heyəti yerində izləyib.
Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.







