
STM şirkəti tərəfindən inkişaf etdirilmiş kamikadze tipli KARGU pilotsuz uçuş aparatının (PUA) sürü qabliyyəti EFES-2026 təlimində nümayiş olunub.
STM-dən “Poliqon”a verilən məlumata görə, İzmirin Doğanbey Təlim Bölgəsində keçirilən və 50 ölkədən 10 mindən çox şəxsi heyətin iştirak etdiyi EFES-2026 təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində mayın 20-si axşam saatlarında icra olunan gecə mərhələsində KARGU kamikadze PUA-ları sürü zəka infrastrukturu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərərək müəyyən edilmiş hədəflərə eyni vaxtda hücum həyata keçirib.
Tamamilə milli alqoritmlər və paylanmış memarlıq əsasında qurulan sürü zəkası ilə təchiz edilmiş 20 ədəd KARGU tək operatorun idarəetməsi altında havaya qalxaraq hədəf bölgəsinə avtonom şəkildə intiqal edib. Təlimin döyüş atışlı mərhələsində real döyüş şəraitinə yaxın ssenari üzrə fəaliyyət göstərən KARGU sürüsü hədəfləri avtonom aşkarlama və təsnifatlandırma qabiliyyəti ilə koordinasiyalı şəkildə əməliyyat icra edib. Sürü zəkası sayəsində real vaxt rejimində bir-biri ilə əlaqə saxlayan və hədəf paylaşımı həyata keçirən PUA-lar eyni vaxtda hücumu həyata keçirərək personal əleyhinə döyüş başlıqlarını hədəflər üzərində uğurla partladıb. Bu əməliyyat dünya hərb tarixində təlim zamanı real döyüş sursatı ilə təchiz olunaraq aşağı hündürlükdən uçan PUA-larla sürü əməliyyatının icra edildiyi ilk fəaliyyət kimi qeydə alınıb.
EFES-2026 təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə həyata keçirilən bu tarixi əməliyyat müxtəlif ölkələrdən olan müdafiə nazirləri, qoşun növlərinin komandanları və yüksək səviyyəli hərbi nümayəndə heyətləri tərəfindən izlənib. STM-in nümayiş etdirdiyi bu oyun dəyişdirən qabiliyyət beynəlxalq hərbi heyətlər və komandanlıq tərəfindən yüksək qiymətləndirilib. Həyata keçirilən fəaliyyət sürü sistemlərinin müasir döyüş meydanında çatdığı əməliyyat səviyyəsini ortaya qoymaqla yanaşı, Türkiyənin avtonom döyüş texnologiyaları sahəsindəki imkanlarını da sərgiləyib.
STM şirkətinin baş direktoru Özgür Güleryüz EFES-2026-da əldə olunan bu qlobal uğurun Türkiyənin texnoloji liderliyini daha da möhkəmləndirdiyini bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında Ankarada həyata keçirilən uğurlu sahə sınaqlarından sonra STM Türkiyənin ən nüfuzlu təlimi olan EFES-2026-da bu qabiliyyəti daha da irəli apararaq dünya müdafiə tarixində bir ilkə imza atıb: “20 ədəd KARGU-dan ibarət sürümüzün tam avtonom şəkildə hədəflərini məhv etməsi təkcə STM üçün deyil, bütün Türkiyə müdafiə sənayesi üçün qürur mənbəyidir. Dünyada ilk dəfə bu miqyasda sürü dron hücumunun təlim şəraitində uğurla icra olunması ölkəmizin müdafiə texnologiyalarındakı qabaqcıl mövqeyini daha da gücləndirib. Bu əməliyyatla sürü zəkası və avtonom sistemlər sahəsində dünyada izləyən deyil, standart müəyyən edən və ilkə imza atan ölkə olduğumuzu sübut etdik. Oyun dəyişdirən texnologiyalarımızla dünyada ilk nailiyyətlər əldə etməyə, qəhrəman Ordumuzun gücünə güc qatmağa davam edəcəyik”.
STM-in malik olduğu orijinal alqoritm və proqram təminatı sayəsində şirkətin sürü sistemində yer alan taktiki PUA-lar real vaxt rejimində bir-biri ilə əlaqə saxlaya, hədəfləri aşkar edib paylaşa, prioritetləşdirə və sürü hücumu həyata keçirə bilir.
Şirkətin sürü zəka arxitekturası mərkəzi idarəetmə vahidindən asılı olmadan hər bir PUA-nın tapşırıq qərarlarını müstəqil şəkildə qəbul etməsinə imkan yaradır. Bu paylanmış idarəetmə arxitekturası sistemin bir hissəsi sıradan çıxsa belə sürünün missiyanı davam etdirməsini təmin edir və əməliyyat uğurunu artırır. Sürü sistemləri eyni anda çox sayda PUA-nın koordinasiyalı şəkildə hədəf bölgəsinə yönləndirilməsini təmin edərək düşmənin hava hücumundan müdafiə sistemlərini çaşqınlığa uğratmağı və təsirsiz hala gətirməyi hədəfləyir.
STM alqoritmləri sayəsində sürü daxilindəki PUA-lar daşıdıqları sursat növünə uyğun hədəflərlə döyüşə girir. Məsələn, insan və ya texnika hədəflərini ayırd edə bilən, personal və ya zireh əleyhinə döyüş başlığı daşıyan PUA-lar hədəf növünə uyğun şəkildə avtonom zərbə endirə bilir. Hazırlanan sistemlərdə sürüyə real vaxt rejimində yeni PUA-lar əlavə edilə və ya çıxarıla, tapşırıqlar yenilənə, həmçinin sürü bölünərək müxtəlif alt missiyalar icra edə bilir.
Xatırladaq ki, STM sürü PUA-ları sahəsindəki imkanlarını 2026-cı ilin yanvar ayında Ankara şəhərinin Polatlı bölgəsində keçirilən sahə sınaqları zamanı nümayiş etdirmişdi. Bu sınaq zamanı 20 ədəd KARGU-dan ibarət sürü tamamilə milli alqoritmlər əsasında, tək operatorun idarəetməsi altında avtonom şəkildə real döyüş sursatı ilə hədəfləri tam dəqiqliklə vuraraq daha bir ilkə imza atmışdı.
Sürü xüsusiyyətləri:
- Sürü zəka alqoritmləri
- Satürasiya hücumu konsepti
- Paylanmış idarəetmə arxitekturası
- PUA-lararası rabitə infrastrukturu
- Avtonom formasiya qurma və qoruma
- Toqquşmanın qarşısını alma sistemi
- Real vaxt rejimində hədəf aşkarlanması və təsnifatı
- Sürü daxilində tapşırıq bölgüsü
- Hədəf prioritetləşdirilməsi və tapşırıq təyinatı
- CRPA dəstəkli anti-jam naviqasiya
- KERKES inteqrasiyası ilə GNSS-dən asılı olmayan naviqasiya
- Sürünün bölünməsi və birləşdirilməsi
- Real vaxt rejimində sürüyə qoşulma və sürüdən ayrılma
İctimaiyyətdə kamikadze PUA kimi tanınan KARGU, STM tərəfindən yerli və milli imkanlarla hazırlanıb. 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən KARGU başda Türkiyə Silahlı Qüvvələri olmaqla, ölkənin müxtəlif təhlükəsizlik qurumları tərəfindən terrorla mübarizə, xüsusi əməliyyatlar və transsərhəd əməliyyatlarda effektiv şəkildə istifadə olunur.
Fərqli coğrafi və ərazi şəraitində özünü uğurla sübut edən KARGU bu günədək dörd müxtəlif qitədə yerləşən 15 ölkəyə ixrac edilib. İstifadəçi şəxsi heyət sahədəki ani vəziyyətə uyğun olaraq KARGU üzərindəki personal əleyhinə döyüş başlığını çıxarıb sürətlə zirehdələn başlıqla əvəz edə bilir.
Aşağı radar görünmə sahəsinə malik olan KARGU-nun düşmən ərazisində aşkarlanması çətindir. Sistem tək əsgər tərəfindən asanlıqla daşına bilir və əməliyyat bölgəsində 1 dəqiqə ərzində istifadəyə hazır vəziyyətə gətirilir.
KARGU üzərindəki süni intellekt və görüntü emalı qabiliyyətləri, səssiz fəaliyyəti və partlayıcı yükü hədəfə dəqiq çatdırma xüsusiyyətləri sayəsində mühüm sürpriz effekti və əməliyyat üstünlüyü təmin edir. İnkişaf etmiş elektro-optik və infraqırmızı kameralar sayəsində gecə-gündüz effektiv əməliyyat icra edə bilən KARGU 30 dəqiqədən artıq havada qala və 10 km məsafədə fəaliyyət göstərə, o cümlədən sürü şəklində əməliyyat yerinə yetirə bilir.
Bundan əlavə, STM tərəfindən hazırlanan proqram təminatı sayəsində KARGU elektron müharibə mühitindən təsirlənmədən və GNSS-dən asılı olmadan da tapşırıq icra edə bilir.










