Əhəd Əzizov: GTS-də çalışan personalın çoxu ehtiyatda olan hərbi qulluqçulardır

Əhəd Əzizov: GTS-də çalışan personalın çoxu ehtiyatda olan hərbi qulluqçulardır

Azərbaycanın “Ground Technical Support” (GTS) şirkətində çalışan personaldan 29 nəfəri uzun müddət Silahlı Qüvvələrdə silah və döyüş texnikasının texniki xidməti və təmiri ilə məşğul olmuş, müxtəlif vəzifələrdə xidmət etmiş ehtiyatda olan zabit, gizir və MAXE hərbi qulluqçulardır.

Bu barədə GTS direktorunun birinci müavini Əhəd Əzizov “Poliqon” jurnalına müsahibəsində deyib.

Direktor müavini bildirib ki, bugünkü gündə şirkətdə ümumilikdə 73 nəfər işçi çalışır: “Onlardan 31 nəfəri mühəndis-texniki heyət, 26 nəfəri texniki işçilər, 16 nəfəri isə yardımçı heyət üzvləridir. Şirkətdə çalışan personaldan 29 nəfəri uzun müddət Silahlı Qüvvələrdə silah və döyüş texnikasının texniki xidməti və təmiri ilə məşğul olmuş, müxtəlif vəzifələrdə xidmət etmiş ehtiyatda olan zabit, gizir və MAXE hərbi qulluqçulardır. Onlardan 20 nəfəri baş-leytenant – polkovnik kateqoriyalı zabit, 7 nəfəri gizir, 1 nəfəri isə MAXE hərbçidir”.

Ə.Əzizov silah və döyüş texnikalarının servis xidməti, təmiri və modernləşdirilməsi ilə məşğul olan bütün personalın istehsalçılar tərəfindən keçirilən kurslarda iştirak etdiyini və sertifikatlaşdırıldığını söyləyib.

“GTS-nin həyata keçirdiyi bütün fəaliyyətlər təcrübəli, müvafiq istehsalçılar tərəfindən sertifikatlaşdırılmış yüksək ixtisaslı mütəxəssislər tərəfindən, xidmət göstərilən, təmir və modernləşdirmə işləri yerinə yetirilən nümunələr üçün texniki şərtlərə uyğun olaraq, müasir avadanlıqla təchiz olunmuş mərkəzdə həyata keçirilir. Şirkətin mütəxəssisləri sırasında əsas və aparıcı yeri həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış zabit-gizir heyəti tutur. İş təcrübəsi şirkətin mütəxəssislərinə xidmət fəaliyyətlərinə öz nəzarət sistemini formalaşdırmaq və tənzimləmək imkanı verir.

Texniki xidmətin və təmirin həyata keçirilməsinə strukturlaşdırılmış yanaşma, həmçinin mühəndis-texniki heyətin davamlı peşəkar inkişafı və sertifikatlaşdırılması sifarişlərin yerinə yetirilməsi zamanı yüksək keyfiyyət və səmərəliliyi təmin etməyə imkan verir. Şirkətin nümunələrə xidmət göstərilməsi, onların təmiri, bərpası və istismar müddətinin uzadılmasının tam texnoloji dövrünü həyata keçirmək üçün unikal imkanları var. Şirkət əməkdaşlarının peşəkarlığı və təcrübəsi sayəsində ordu bölmələrinin etibarlı və döyüşə hazır texnika ilə təmin olunmasına zəmanət verir”, – deyə Ə.Əzizov vurğulayıb.

CATEGORIES