
“ILA Berlin 2026” sərgisində İsrailin “Elbit Systems” və Almaniyanın “Diehl Defence” şirkətləri strateji tərəfdaşlıq sazişi imzalayıblar.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, sazişin məqsədi Almaniya Silahlı Qüvvələrinə (Bundesver) birgə şəkildə “SkyStriker” süzən sursatlarını təklif etmək, sifariş əldə olunacağı təqdirdə isə onun istehsalı və texniki dəstəyini həyata keçirməkdir.
Bildirilib ki, “Elbit Systems Deutschland”, əsas şirkət “Elbit Systems” və “Diehl Defence” öz texnologiyalarını, sənaye imkanlarını və əməliyyat təcrübələrini birləşdirərək Almaniyanın müdafiə və modernləşdirmə prioritetlərinə uyğunlaşdırılmış, yüksək performanslı və artıq özünü sübut etmiş süzən sursat həlli təqdim etməyi planlaşdırırlar. Bu əməkdaşlıq Almaniyanın avtonom dəqiq zərbə və kəşfiyyat imkanlarını genişləndirmək istiqamətində artan tələbatını qarşılamağa xidmət edir.
Tərəfdaşlıq çərçivəsində müvafiq proqramlar üzrə sifariş əldə olunacağı halda, “Diehl Defence” müəssisələrində yerli istehsal, yığım, inteqrasiya və sertifikatlaşdırma işləri həyata keçiriləcək. Bu addım Almaniyanın müdafiə sahəsində milli imkanlarının inkişafına və yerli müdafiə sənayesinin gücləndirilməsinə töhfə verəcək.
Sözügedən əməkdaşlıq dəqiq, çevik və qabaqcıl süzən sursat sistemlərinə artan tələbatın göstəricisi olmaqla yanaşı, Almaniyanın bu sahədə imkanlarını əhəmiyyətli dərəcədə artırmaq məqsədinə də dəstək verir.
“SkyStriker” operator tərəfindən təyin edilən yüksək əhəmiyyətli hədəfləri aşkarlamaq, izləmək və dəqiqliklə məhv etmək üçün nəzərdə tutulmuş avtonom, uzaqmənzilli süzən sursat sistemidir. Müxtəlif regionlarda əldə edilmiş geniş əməliyyat təcrübəsinə və beynəlxalq proqramlara əsaslanan sistem çoxşaxəliliyi, yüksək zərbə gücünü və qabaqcıl avtonom imkanları özündə birləşdirir. O, “axtar və məhv et” əməliyyatları, eləcə də sərhəd mühafizəsi kimi müxtəlif tapşırıqları yerinə yetirə bilir.
10 kiloqrama qədər döyüş başlığı daşıya bilən “SkyStriker” iki saatdan artıq havada qala və 200 kilometrdən çox məsafədə fəaliyyət göstərə bilir. Sistem quru platformalarından, “EuroPULS” yaylım atəşli reaktiv sistemlərindən, döyüş gəmilərindən, konteynerlərdən və təyyarələrdən buraxıla bildiyi üçün bütün əməliyyat mühitlərində yüksək çeviklik təmin edir.





