Elçin Quliyev: Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə qaldırdığımız hər bir məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşmışdır. Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman mərkəzi, Abşeron rayonunun Görədil və Lənkəran rayonunun Vel qəsəbələrində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Sərhəd Nəzarəti inşa edilmiş, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilmişdir.
“Poliqon” xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev POLİQON jurnalına müsahibəsində söyləyib.
General-polkovnik Elçin Quliyev vurğulayıb ki, sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 412 mənzilli yaşayış binaları inşa olunmuş, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunmuşdur. Respublika miqyasında 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilmişdir.
“Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir. Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər”, – deyə general-polkovnik Elçin Quliyev bildirib.