Ermənistan uzun mənzilli snayper tüfəngləri alıb. “Azeri Defence”nin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın “Lobaev Arms” şirkətindən uzaq atış məsafəsinə malik SVLK-14S “Sumrak” iriçaplı snayper tüfəngləri alıb. Tüfənglər bir neçə ay əvvəl Ermənistana çatdırılıb. Ermənistanın 30-50 arası sayda DXL-4 və SVLK-14S “Sumrak” snayper tüfəngi aldığı ehtimal edilir. Şirkət rəsmiləri SVLK-14S “Sumrak” snayper tüfənginin atış məsafəsinin 3000 metrə yaxın olduğunu iddia edirlər. Snayper tüfənglərinin Ermənistana çatdırılmasında əsas vasitəçi qismində adıçəkilən şirkətin sahibi Nikolay Lobaevin yaxın dostu olan, Qarabağ müharibəsi veteranı Aşot Qriqoryan mühüm rol oynayıb. Qeyd edək ki, A. Qriqoryan silah ticarəti ilə məşğul olmaqla yanaşı, təsis etdiyi şirkətlər üzərindən Ermənistan Ordusuna və Dağlıq Qarabağdakı separatçı birləşmələrin xüsusi təyinatlı bölmələri və snayper qruplarına təlimlər təşkil edir. Araşdırmalar zamanı məlum olub ki, A. Qriqoryanıın sosial media hesablarında tez-tez cəbhə bölgəsindən fotolarını paylaşır. “Lobaev Arms” eyni zamanda Ermənistanda özünün yerli şirkətini açmağı planlaşdırır. Şirkət mart ayının sonlarında İrəvanda “Armhitech 2020” müdafiə sərgisində də iştirak etməyi və yerli tərəfdaş şirkətlə birgə qərarını sərgidə rəsmiləşdirməyi planlaşdırır.